İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib.Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki abidəsi önünə gül dəstələri düzdü, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdi.Sonra Prezident İlham Əliyev şəxsi heyətin atış vərdişlərini təkmilləşdirməsi üçün təyin olunmuş qapalı atış şəhərciyinə baxdı. Məruzə olundu ki, burada tapança, pnevmatik silah və kiçikçaplı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 25 metr uzunluğunda iki atış zolağı, həmçinin atışın nəticələri əks olunan monitor mövcuddur.
Dövlətimizin başçısı komandoların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi üçün zəruri trenajor və digər idman avadanlıqları ilə təchiz olunmuş qapalı idman zalına gələrək buradakı şəraitlə maraqlandı.Hərbi hissədəki açıq idman şəhərciyində isə güc məşğələlərinin icrası üçün avadanlıqlar, dözümlülüyün artırılması məqsədilə maneələr zolağı, eləcə də futbol, voleybol, uzunluğa və hündürlüyə tullanma meydançaları yaradılıb. Ali Baş Komandan burada komandoların intensiv hazırlıq məşqlərini izlədi. Ali Baş Komandan əsgər yataqxanasında yaradılan şəraitlə tanış oldu, oradakı silah otağı, əşya anbarı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı üçün ideoloji iş və digər inzibati otaqlara baxdı. Silah otağında Prezident İlham Əliyevə əksəriyyəti Azərbaycan istehsalı olan silah nümunələrinin taktiki-texniki xüsusiyyətləri barədə məlumat verildi.Əşya anbarında nümayiş etdirilən müxtəlif hərbi geyim formaları arasında Azərbaycan Ordusunda yeni tətbiq olunacaq səhra geyim forması da təqdim edildi.Sonra dövlətimizin başçısı hərbi hissənin sıra meydanına gəldi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə hərbi hissəyə Döyüş bayrağının təqdim edilməsi mərasiminə hazırlıq barədə məruzə olundu.Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Prezident İlham Əliyev qeyd etdi ki, bu bayram günü ərəfəsində ölkəmizdə növbəti komando hərbi hissəsi açılır. Bu, çox əlamətdar hadisədir. Bildiyiniz kimi, Vətən müharibəsindən sonra mənim göstərişimlə Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Beləliklə, biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq. İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi. Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir.
İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Təbii ki, işğal dövründə ordu quruculuğu bizim üçün bir nömrəli vəzifə idi və Ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır. Ancaq buna baxmayaraq, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir. Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar, əminəm ki, yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir.
Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür.
Natiq Fərəcov,
Həsənli kənd sakini