Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi. Müdafiə naziri yeni inşa edilən hərbi şəhərciyin baş planı barədə Ali Baş Komandana məlumat verdi. Prezident, Ali Baş Komandan İlham Əliyev şəxsi heyəti salamladı və hərbçiləri 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik etdi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Şəxsi heyət hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himnini ifa etdi. Dövlətimizin başçısı tədbirdə çıxış etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışı - Bu gün biz Silahlı Qüvvələr Gününü Kəlbəcərdə qeyd edirik, azad olunmuş Kəlbəcərdə. Eyni zamanda, bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsi açılır. Altı ay bundan əvvəl, dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. Bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açırıq.
Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Bu gün Silahlı Qüvvələrimizlə fəxr edə bilərik. Bu gün biz müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edirik.!
Ramal Şükürov,
Masallı Gənclər Evi