Azərbaycan tarixinin ən həlledici məqamında – 44 günlük Vətən müharibəsi dövründə tək olmadığını hiss etdi, kürəyini öz qardaşına arxayınlıqla söykəyib Zəfərə doğru inamla addımladı. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana verdiyi siyasi dəstək, əleyhimizə olan qüvvələrə qarşı sərt bəyanatları ilə xalqımızın ona olan sevgisini birəbeş artırdı. Qardaş ölkənin dəstəyi bununla yekunlaşmadı. Müharibənin ardından Zəfər paradında güc nümayişi, Şuşa Bəyannaməsinin imzalanması, azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə ilk olaraq Türkiyə şirkətlərinin qoşulması bizə qarşı olan qüvvələrə bir mesaj oldu.
Azərbaycan xalqı da Türkiyənin ən ağrılı günlərində özünü qardaşının köməyinə çatdırdı. İstər meşə yanğınlarında, istər zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyə çağırış etmədən ilk olaraq Azərbaycan özünü darda olan qardaşının dadına yetirdi. Qardaş ölkədə baş verən zəlzələdən sonra sıravi vətəndaşların yardımlar göndərmələri, əllərində olanı əsirgəməmələri görüntüləri yəqin ki, tarix boyu unudulmayacaq. Əminliklə deyə bilərik ki, dünya ölkələri içərisində Azərbaycanla Türkiyə qədər bir-birinə arxa-dayaq olan, sevincini, kədərini bölüşən ölkələr yoxdur. Bütün bunlar bir tərəfdən də Türk dünyasının güclənməsi deməkdir.
Türkiyə-Azərbaycan əlaqələrinin istər iqtisadi, istər siyasi, istər təhsil, istərsə də hərb sahəsində daim genişşaxəli əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilir. Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Prezident seçilməsi ilə qardaş ölkədə yeni bir dövrün başlanmışdır. Əminəm ki, bundan sonra atılacaq addımlar Türkiyə və Azərbaycan xalqlarını daha sıx birləşdirəcək, əlaqələri daha da möhkəmləndirəcək. R.T.Ərdoğanın Prezident kimi ilk səfərini Azərbaycana etməsi bütün dünyaya göstərdi ki, Türk dünyası böyük gücə və qüvvəyə malikdir. Azərbaycan-Türkiyə qardaşlığı isə daimi, dönməz, əbədidir.
Əmin idik ki, Türkiyə xalqı Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçəcək və bu seçim Türkiyə qədər Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edirdi. Çünki məhz Ərdoğanın hakimiyyəti dövründə qardaş ölkə dünyanın böyük güclərindən birinə çevrilib, əsas söz sahiblərindən olub. Türkiyənin gücü isə onun müttəfiqi, dostu və nəhayət qardaşı olan Azərbaycanı da gücləndirir. Türkiyə Azərbaycanın yanında olduğu kimi, Prezident İlham Əliyev də hər zaman Rəcəb Tayyib Ərdoğanın yanında oldu. Nəinki ölkə lideri, həmçinin xalqımız da birmənalı şəkildə Ərdoğanı dəstəklədi. Bu mütləq dəstəyin, Ərdoğanın qalibiyyətinə sarsılmaz inamın bariz nümunəsi kimi Prezident İlham Əliyev seçkilərin birinci turundan sonra Ərdoğana zəng edərək onu yüksək səs faizi topladığına görə təbrik etdi.Seçkilərin ikinci turundan sonra da Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən məhz Azərbaycan Prezidenti oldu. Türkiyə lideri isə bu qardaşlığın, səmimiyyətin qarşılığında, inaqurasiya mərasimində Prezident İlham Əliyevlə birinci xanım Mehriban Əliyevaya xüsusi təşəkkür etdi.
Ceyhun Hüseynov,
Masallı RMX İƏ üzrə mütəxəssis