Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Qardaş ölkə Azərbaycanın müstəqilliyini 1991-ci il noyabrın 9-da tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci il yanvarın 14-də qurulub. 1992-ci ilin avqustunda Azərbaycanın Türkiyədəki səfirliyi fəaliyyətə başlayıb. Sonrakı illərdə - 1993-cü ildə Azərbaycanın İstanbulda, 2004-cü ildə isə Qarsda baş konsulluqları təsis edilib.Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Azərbaycan-Türkiyə əlaqələri son illər ən yüksək səviyyəyə çatıb. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin belə yüksək səviyyəyə çatmasında mühüm rol oynayır.Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın otuz ilə yaxın davam edən işğalına son qoyulması ilə nəticələnən Vətən müharibəsi Azərbaycan-Türkiyə münasibətlərinin tarixində tamamilə yeni səhifə açdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında Azərbaycana açıq, dəqiq və birmənalı dəstək ifadə etməsi nəinki xalqımızı ruhlandırdı, eyni zamanda, müharibəyə müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.
2021-ci il iyunun 15-də Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzaladılar. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsi sayılır. Bu sənəddə təsbit olunan strateji müttəfiqlik iki qardaş dövlət arasında bütün sahələrdə sıx əməkdaşlıq, habelə təhlükəsizlik və müdafiə sahələrində qarşılıqlı yardım prinsiplərini ehtiva edir.
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.İlk olaraq Möhtərəm Prezidentimiz Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı salamlayaraq söyləmişdir: “İki gündən sonra biz Şuşa Bəyannaməsinin ikinci ildönümünü qeyd edəcəyik. Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi. Bu sənədin Şuşada imzalanması təbii ki, rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur. Fürsətdən istifadə edərək, Azərbaycan xalqı adından Sizə və qardaş Türkiyəyə İkinci Qarabağ savaşı dönəmində bizə göstərdiyiniz qardaşlıq dəstəyinə, mənəvi və siyasi dəstəyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm.”
“ Təbii ki, bizim gələcək işbirliyi proqramımız bu gün müzakirə olunan məsələlər arasındadır. Bütün sahələrdə konkret proqramlar əsasında işlər gedir. İlk növbədə, Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bizim xarici siyasətlə əlaqədar apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. O cümlədən bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.”
Prezident Rəcəb Tayyib Ərdoğan bəyanatında qeyd etmişdir: “Türkiyə və Azərbaycan iki qardaş ölkədir. “Bir millət, iki dövlət” düşüncəsi ilə bu günə qədər addımladıq. İndiyə qədər addımladığımız bu yolda bundan sonra da qərarlı şəkildə yolumuza davam edəcəyik. Burada bir məsələni də bildirmək istəyirəm. Xüsusilə səlahiyyətlərimin icrasına başlama mərasimində İlham qardaşımın xanımı ilə birlikdə iştirakı dünyaya və Türkiyəyə bir mesajdır. Buna görə mən də eyni qaydada xanımımla birlikdə bu səfərə gəlmişəm. Bu səfərlər aramızdakı münasibətlərin nə qədər inkişaf etməsinin ən gözəl ifadəsidir. Bunları təkcə bu gün etdik? Xeyr. Biz bunları daim – Baş nazir olduğumdan bəri, Prezidentliyi təhvil aldığımdan bəri yaşadıq, yaşayırıq və Rəbbim ömür verdikcə də yaşamaqda davam edəcəyik.”
Türkiyə-Azərbaycan birliyi xalqlarımız üçün, region üçün, bütün Türk dünyası üçün önəmlidir. İnşallah gələcək illərdə bu birlik daha da güclənəcək və bizi yeni uğurlara aparacaq. Yaşasın Azərbaycan –Türkiyə qardaşlığı!
Əntiqə Tağıyeva,
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru