Cari ilin 13 iyun tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər edib. Azərbaycan ilə Türkiyə arasında dostluq qardaşlıq münasibətləri iki dövlətin liderlərinin birgə səyi ilə müttəfiqlikdən üstün bir səviyyəyə çataraq tarixin zirvə nöqtəsindədir. Cənab Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindən sonra Şimali Kipr Türk Respublikasının ardınca ilk səfərini Azərbaycana etməsi isə bu qardaşlığın ən parlaq nümunələrindən biri, Azərbaycan-Türkiyə müttəfiqliyinin daha bir sübutudur.
Geniş tərkibli görüşdən sonra hər iki dövlət başçısı mətbuata bəyanatla çıxış ediblər. Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qazandığı qələbə münasibəti ilə təbrik edən dövlətimizin başçısı bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açıldığını, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələrinin dayandığını vurğulayıb.
Şuşa Bəyannaməsinin tarixi anlaşma olduğunu və Bəyannamənin Şuşada imzalanmasının rəmzi xarakter daşıdığını qeyd edən Prezident İlham Əliyev İkinci Qarabağ savaşı dönəmində göstərdiyi mənəvi və siyasi dəstəyə görə Azərbaycan xalqı adından qardaş Türkiyəyə bir daha təşəkkürünü bildirib. Türkiyə və Azərbaycanın bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklərini vurğulayan dövlətimizin başçısı bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amilinin çox önəmli olduğunu qeyd edib.
Ticarət dövriyyəsinin sürətlə artaraq və artıq 6 milyard dollara yaxınlaşdığını söyləyən dövlətimizin başçısı birgə həyata keçiriləcək layihələrin gələcəkdə ticarət dövriyyəsini daha da artıracağını diqqətə çatdırıb. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı ildən-ilə artdığını xatırladan Prezident İlham Əliyev bildirib ki, ”Bununla paralel olaraq, Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır, buna da böyük tələbat var. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Biz bu gün yenilənən, yəni, bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Biz bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində fəal əməkdaşlıq edirik.”
Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğunu xatırladan dövlətimizin başçısı bildirib ki, “Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.”
Türkiyə-Azərbaycan qardaşlığının bütün dünyada qibtə ilə izlənildiyini bildirən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaş ölkənin Şuşada baş konsulluğunun açılmasına toxunaraq bunun başda Ermənistan olmaqla, bütün dünyaya bir mesaj kimi diqqətə çatdırıb.
Bəli, Türkiyə Prezidentinin Azərbaycana son səfəri zamanı Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın keçirdiyi görüşlər, verilən bəyanatlar və gələcəyə planlaşdırılan iqtisadi layihələr onu göstərir ki, Türkiyə -Azərbaycan əlaqələrinin yeni inkişaf mərhələsinin əsası daha da möhkəmlənib.
Müşfiq Qurbanov,
Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçi