Post-COVID sindromlu xəstələrin reabilitasiyasının yeni istiqamətləri araşdırılır

Post-COVID sindromlu xəstələrin reabilitasiyasının  yeni istiqamətləri araşdırılır
  • Cəmiyyət

  • Məlum olduğu kimi, dünyanın üzləşdiyi COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk dövlətlərdən biri Azərbaycan olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi tədbirlər keçirilib.     Azərbaycan humanizmlik göstərərək, Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırıb, əksər ölkələrə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərib.

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son informasiya bülletenində bildirilib ki, 2023-cü ilin may ayında koronavirusdan ölüm hallarının sayı əvvəlki aylarla müqayisədə 39%, yoluxma hallarının sayı isə 30% azalıb.

    Bununla belə, ölkəmizdə də epidemioloji vəziyyətin sabit olmasına baxmayaraq, COVID-19-un təhlükəsini hələ də yaşamaqdayıq.
    Bundan irəli gələrək, “Post-COVID sindrom: Qlobal pandemiyanın arzuolunmaz nəticəsi” adlı elmi konfransda bu problemin aradan qaldırılmasına dair təkliflər müzakirə edilib.

    Konfransda pandemiya dövründə elmi məlumatların, elcə də təcrübə mübadiləsinin təmin edilməsi istiqamətində ölkə miqyasında mütəmadi olaraq tədbirlərin həyata keçirildiyi qeyd edilib. Həmin dövürdə vacib əhəmiyyətli tibbi mövzuların səhiyyənin gündəmində saxlanılması, COVID-19-un diaqnostika və müalicəsində beynəlxalq və yerli təcrübəyə əsaslanan xidmətlərin həyata keçirlməsi yüksək qiymətləndirilib.

    100-ə yaxın iştirakçının əyani, 300-ə yaxın iştirakçının isə distant iştirak etdiyi tədbirdə ATU-nun “Allerqologiya və immunologiya” kafedrasının müdiri, Əməkdar elm xadimi, Əməkdar həkim, Azərbaycan Pediatrlar Assosiasiyasının Fəxri Vitse-prezidenti, t.e.d., professor Lalə Allahverdiyevanın “Post-COVID sindromlu xəstələrin reabilitasiyasının əsas istiqamətləri” mövzusunda məruzəsi dinlənilib.

    Professor məruzəsində pandemiyanın üç mərhələsindən bəhs edib: birinci mərhələ COVİD-19 pandemiyası, ikinci mərhələ COVID-19 pandemiyasından antibiotiklərə qarşı rezistentliyin əmələ gəlməsi, üçüncü mərhələ COVID-19-dan sonra yaranan post-COVID sindromuna qədər. 

    Alim vurğulayıb ki, COVID-19 200-dən çox ağırlaşmalara səbəb ola bilər. Professorun söylədiyinə görə, COVID-19 keçirən 4 xəstədən yalnız 1-i hospitalizasiyadan sonra tam sağalır. Post-COVID sindromu (Post-COVID-19 syndrom) və ya uzunmüddətli COVID (Long COVID) koronavirus infeksiyası keçirmiş insanların 20%-də rast gəlinir və 2021-ci ilin əvvəlində Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışında (XBT-10) post-COVID sindrom ayrıca bir diaqnoz kimi təqdim edilib. 

    Lalə Allahverdiyeva Post-COVID sindromun ehtimal olunan əlamətlərindən virusun özünün neqativ təsiri, autoimmun reaksiyalar, qan damarlarının zədələnməsi, qan dövranı, bütün orqan və sistemlərin fəaliyyətinin pozulaması və ağır psixoloji stress kimi əlamətləri sadalayıb.

    Post-COVID sindrom zamanı hansı reabilitasiyanın tələb olunduğu sualına gəldikdə isə məruzəçi hazırda bu sindromu olan xəstələrin rebilitasiyası üçün praktik olaraq heç bir təlimatın, elmi əsaslandırılmış proqramın olmadığını və bu sindromdan əziyyət çəkən xəstələrin sağalması üçün mütəxəssis reabilitoloqların çatışmadığını vurğulayıb. 

    Qeyd edək ki, professor Lalə Allahverdiyeva “Əsrin xəstəliyi-COVID-19” adlı yeni kitabını nəşrə hazırlayıb.

    Kitabda koronavirusun yaratdığı problemlərlə bağlı səhiyyənin qarşısında duran vəzifələr və post-COVID dövründə insanların sağlamlığının təmin olunmasında yeni istiqamətlər araşdırılıb.

    Azərbaycan Pediatrlar Assosiasiyası
    [email protected]

    PAYLAŞ:

    Oxşar xəbərlər