Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Bəbirov ailəsi ilə əlaqə saxlayıb.
Leqal.az xəbər verir ki, bu barədə Modern.az-a əsir hərbçinin anası Dürdanə Bəbirova məlumat verib.
Onun sözlərinə görə, videozəng Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutub.
“Oğlum dedi ki, narahat olma, ana. Anaya başqa nə deyə bilər ki? Mən danışanda onun vəziyyəti yaxşı idi. Yarası yox idi, bir burnunun üstündə balaca yara var. Məni görəndə kövrəldi, amma ağlamadı. Çünki bildim ki, qıraqda izləyənlər var. Neçə müddət idi ki, övladımı görmürdüm. Şükür elədim ki, balam sağdır. Hardasa beş dəqiqə olardı ki, danışdım. Başqa söhbət edə bilmədi. Mənə dedi ki, narahat olma, hər şey yaxşı olacaq. Mən də dedim ki, dövlətimiz sizi orada qoymayacaq, çalışırlar”, - deyə Dürdanə Bəbirova bildirib.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.