2021-ci ilin 15 iyununda Şuşada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi” imzaladılar.“Şuşa Bəyannaməsi”nin Türkiyə və Azərbaycan parlamentlərində ratifikasiyası artıq bəyannamədə əksini tapan maddələrin tam şəkildə işlək vəziyyətə düşməsinə hər hansı əngəlləri də tam şəkildə aradan qaldırmış oldu. Beynəlxalq hüquqa istinad olunmuş tarixi müqavilə Qars müqaviləsi ilə müqayisə edilsə də, burada üçüncü tərəfin iştirak etməməsi, qardaş ölkələrin bir-birinin ərazi bütövlüyü və suverenliyinə, təhlükəsizliyinə təminat vermələri baxımından daha üst səviyyəli sənəd olaraq şərəf tariximizə düşmüş oldu.
“Şuşa Bəyannaməsi”nin həm qlobal, həm də regional önəmi çox böyükdür.Tarixdə mövcud olan türk dövlətləri arasında heç vaxt “Şuşa Bəyannaməsi” qədər geniş, əhatəli və qarşılıqlı münasibətlərin bütün spektrini özündə əks etdirən sənəd imzalanmamışdır. Həm bu baxımdan, həm qardaş Tükiyənin Azərbaycana açıq və birmənalı dəstəyi, ortaq hədəflərimizin birliyi, maraqlarımızın uzun və bəlkə də yüzillər davam edəcək bir zaman kəsiyi üçün uzlaşdırılması aspektindən “Şuşa Bəyannaməsi”nin tayı-bərabəri yoxdur. Dünyada baş verən proseslər sübuta yetirdi ki, strateji münasibətlərin Azərbaycan-Türkiyə səviyyəsinə çatdırılması üçün ortaq dil, mədəniyyət və tarix kimi amillər yetərli deyil. Belə məsələlərdə milli iradəni olduğu kimi, dəqiqliklə, həm tarixi prosesləri düzgün təhlil edərək, həm də perspeltivləri doğru dəyərləndirərək ifadə etmək, qarşılıqlı etimadlı münasibətləri inkişaf etdirmək mühüm əhəmiyyət kəsb edir.
8 noyabr 2020-ci ildə Şuşanın işğaldan azad edilməsi prosesin birinci mərhələsi idi, 15 iyun 2021-ci ildə Türkiyə və Azərbaycan prezidentlərinin Şuşada imzaladıqları bu sənəd isə Qalanın ikinci fəthi sayılır. Hazırda Qarabağın işğaldan azad edilən şəhər və rayonlarında - Şuşada, Ağdamda, Hadrutda, Füzulidə və s. Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə bayrağı da dalğalanır. Qarabağın Türkiyənin himayəsində, müdafiəsində olduğunun isbatıdır. “Şuşa Bəyannaməsi”nin imzalanmasından və ratifikasiyasından sonra Azərbaycan-Türkiyə münasibətləri mənəvi məsələdən hüquqi müstəviyə keçdi.
Türkiyə-Azərbaycan birliyinin cazibədarlığı türk dünyasının mənəvi bütövlüyü üçündə mühüm əhəmiyyətə malikdir. Kimsəyə sirr deyil ki, Azərbaycan və Türkiyənin təşəbbüsləri və iştirakları ilə həyata keçirilən layihələr, qarşılıqlı münasibətlərin indiki səviyyəyə çatdırılması digər qardaş xalqların da Türk dünyasının gələcəyinə böyük ümidlərlə baxmalarına zəmin yaradıb. Azərbaycan-Türkiyə münasibətləri Türk dünyasının siyasi, iqtisadi, mənəvi, ideoloji lokomotivi, hərəkətverici qüvvəsidir.
“Şuşa Bəyannaməsi”ndə beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub. Ən əsası, bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Sənəddə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi də vurğulanıb. Eyni zamanda, bundan sonrakı mərhələdə müştərək milli mənafelər baxımından siyasi, hərbi, təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi aktuallıq daşıyır.
Ceyhun Hüseynov,
Masallı RMX İƏ üzrə mütəxəssis