Qurtuluşumuzun işığında

Qurtuluşumuzun   işığında
  • Cəmiyyət

  • Doğma qardaş dedikdə hər insanın ağlına birisi mütləq gəlir. Azərbaycan xalqına doğma qardaş deyildikdə ilk yada düşən hər çətinliyində yanında olduğumuz Türkiyə xalqı gəlir. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək “Bir millət, iki dövlət”, Azərbaycan-Türkiyə. Azərbaycanın dövlətinin ilk yarandığı günlərdən etibarən yanında duran ona dəstək olan türk milləti 2021-ci il 15- iyun tarixində bir daha etimadı doğrultdu. 2021-ci il 15 iyun tarixində imzalanmış “Şuşa Bəyannaməsi” 2020-ci il 27 sentyabr tarixində başlanan II Qarabağ müharibəsində zəfər qazanan Azərbaycanın təhlükəsizliyinə doğru Türk xalqı tərəfindən atılmış ikinci böyük addım idi. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqlarıölkələrimizin birliyini nümayiş etdirir. Şuşa Bəyannaməsinin Azərbaycan xalqı üçün tarixi bir günə - 15 İyun Milli Qurtuluş Gününə təsadüf etməsi isə ayrıca qeyd olunmalı vacib bir nüansdır. Azərbaycan dövlətçiliyinin xilas günü kimi səciyyələndirilən 15 iyun tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə daha da əzəmətlənərək xalqımız üçün ikiqat bayrama çevrildi.
               
    Şuşa Bəyannaməsinin ən mühüm tərəflərindən biri onun 100 il əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad etməsidir. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan 1921-ci il oktyabrın 13-də imzalanan Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyini xüsusi vurğulayaraq Azərbaycan-Türkiyə qardaşlığının gələcək konturlarını bütün dünyaya nümayiş etdirdilər. Bu baxımdan Şuşa Bəyannaməsini Azərbaycanın təhlükəsizliyinə zəmanət sənədi kimi səciyyələndirə bilərik. Necə ki, Qars müqaviləsi ilə Naxçıvan 100 il əvvəl qardaş Türkiyə dövlətinin təhlükəsizlik zəmanəti altına daxil oldu, eləcə də Şuşa Bəyannaməsi bütün Azərbaycanın təhlükəsizliyinə böyük təminat qazandırmış oldu.

    Bəyannamənin tarixi prizmadan əhəmiyyəti isə budur ki, 100 il bundan öncə imzalanmış Qars müqaviləsindən sonra 1921-ci ildə Anadolu türklüyü üçün ölüm-dirim müharibəsi olan Sakarya Meydan Müharibəsi zəfərindən sonra Rusiyanın nəzarəti altında olan Azərbaycan, Ermənistan və Gürcüstan ilə Türkiyə Böyük Millət Məclisi (TBMM) arasında düz 100 il əvvəl, 13 oktyabr 1921-ci ildə Qars müqaviləsi imzalanmışdı yenidən Türkiyə-Azərbaycan arasında məzmunca eyni, mahiyyətcə isə daha geniş bir bəyannamə imzalandı və bu məhz yenicə işğaldan azad olunmuş Şuşa şəhərində baş verdi. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır.
                 
    Azərbaycan və Türkiyə xalqının bundan sonra da eyni statusda daha güclü mövqelərə gələcəyini əminliklə deyə bilərik.



    Çingiz Qurbanov,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin  Əməkdaşı
    PAYLAŞ:

    Oxşar xəbərlər