Vətəndaş məktubları: Bu dərd Azərbaycan xalqının qəddini əymədi, iradəsini sındırmadı

Vətəndaş məktubları: Bu dərd Azərbaycan xalqının qəddini əymədi, iradəsini sındırmadı
  • Cəmiyyət

  • Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan! Xalqımızın üç dövlət başçısı arasında tarixi bəyanatın imzalanmasını bayram etdiyi bu möhtəşəm gündə neft-qaz sənayesinin çoxminli əməkçiləri adından Zati-alinizə müraciət edir, bütün neftçilər ordusunun ürək sözlərini Sizə çatdırırıq. İcazə verin, ilk öncə bu böyük Qələbənin şəksiz və şəriksiz müəllifi kimi Sizi səmimi qəlbdən təbrik edək, bizə bu misilsiz sevinc və iftixar duyğularını bəxş etdiyiniz üçün Sizə sonsuz təşəkkürlərimizi bildirək.
    Noyabrın 10-u Azərbaycanın qəhrəmanlıq salnaməsinə qədim və çoxəsrlik tariximizin ən parlaq səhifəsi kimi əbədilik həkk olundu. Mənfur düşmən bütün məkrli siyasi vurnuxmalarına baxmayaraq Ordumuzun şücaəti qarşısında təslim olmağa məcbur edildi. İmzalanan sənəd bütün dünyada onun kapitulyasiya aktı kimi qəbul olundu, faşizmi özünün dövlət siyasətinə çevirən erməni daşnaklarına oxunmuş hərbi-siyasi və mənəvi-psixoloji ölüm hökmü kimi səsləndi. Bu həm də onlara havadarlıq edən, onları gizli və açıq yollarla silahlandıran, otuz il ərzində sülh danışıqları adı ilə vaxtı uzadaraq, Azərbaycan torpaqlarının işğalı faktını unutdurmağa və rəsmiləşdirməyə çalışan beynəlxalq güclərə xalqımızın, onun müdrik liderinin qısa və qətiyyətli cavabı oldu.
    Bu gün Azərbaycan xalqı xoşbəxtdir. Düşmən tapdağından azad olunmuş ata-baba torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bütün bu illərdə Qarabağın azadlığı uğrunda, Vətənimizin ərazi bütövlüyü, bölünməzliyi, dövlətimizin suverenliyi uğrunda qanlı döyüşlərdə canlarını qurban vermiş şəhidlərimizin qisası alınmışdır. Gəncədə, Tərtərdə, Bərdədə, ölkəmizin digər yerlərində namərd düşmənin qəfil raket hücumları nəticəsində dünyadan köçmüş dinc sakinlərimizin, qadınların, qocaların, uşaqların qanı yerdə qalmadı. Öz Vətənində qaçqın və köçkün taleyi yaşamağa məcbur olub, torpaq həsrəti ilə dünyasını dəyişmiş neçə-neçə həmvətənlərimizin ruhları bu gün artıq rahatlıq tapmışdır. Artıq yağı düşmənlə döyüş meydanlarında ölüm-dirim savaşında ağır xəsarətlər alan, əlil və şikəst olan qazilərimizin yaraları sızıldamır. Bütün bunlara görə biz Sizə, Sizin müdrik, inamlı rəhbərliyiniz altında düşmənə sarsıdıcı zərbələr endirən qüdrətli Ordumuza, onun şanlı əsgər və zabitlərinə minnətdarıq.
    Zati-aliləri, Otuz il əvvəl Vətənimizin dilbər guşələri olan Qarabağ torpaqlarının işğal olunması ilə Allah bizi sınağa çəkdi. Bu nisgil, bu ağrı hər bir azərbaycanlının qəlbini ağrıtdı, ən gözəl günlərimizdə də bizi ürək dolusu sevinməyə qoymadı. Amma Allah böyükdür. Bu dərd Azərbaycan xalqının qəddini əymədi, iradəsini sındırmadı. Biz doğma torpaqlarımıza qayıdacağımız günə inamımızı heç vaxt itirmədik. Çalışdıq, ölkəmizi iqtisadi cəhətdən qüdrətləndirdik, dövlətimizin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdik. Güc topladıq, səbir etdik, bu günü gözlədik. Müqəddəs kitablarda deyildiyi kimi, Allah səbirli qullarını sevimli bəndələrinin əli ilə bütün müşküllərdən qurtarır. Millətimizin xilaskar oğlu, ulu öndərimiz Heydər Əliyev Azərbaycanın yüksəliş konsepsiyasında Qarabağın qaytarılmasının yollarını müəyyənləşdirdi. Sonra Allah Azərbaycanın yaralarına məlhəm qoymaq üçün Sizi göndərdi. Siz müdrik bir siyasətçi, mahir diplomat kimi bizi bu Qələbəyə addım-addım yaxınlaşdırdınız. Bütün təzyiqlərə mətanətlə sinə gərərək, bizi məğlubiyyət acısı ilə barışmağa qoymadınız. Nəticə ortadadır: Siz bu xalqa qurtuluş verdiniz, onu qalib xalqa çevirdiniz. Otuz illik həsrətimizə son qoydunuz. Ən böyük arzumuzu gerçəkləşdirdiniz, Azərbaycan xalqına Vətənin bütövlüyünü, millətin birliyini yaşamaq şərəfi bəxş etdiniz. Mənfur düşməni diz çökdürdünüz, ondan bizi məruz qoyduğu bütün məhrumiyyətlərin əvəzini çıxdınız. Siz Azərbaycan tarixinə adınızı əbədi olaraq qızıl hərflərlə həkk etdiniz. Dünya durduqca Azərbaycan xalqı bu Qələbənin memarını daim xatırlayacaq. Qoy qadir Allah Sizə yar olsun, Sizi bəd nəzərlərdən, bəd niyyətlərdən qorusun!
    Bütün xalqımız kimi Azərbaycan neftçiləri də Sizinlə fəxr edir, Sizə güvənir. Sentyabrın 27-dən bu yana neftçilər gecəli-gündüzlü yorulmaq bilmədən əzmlə işləyərək, fədakar əməkləri ilə qarşımızda qoyduğunuz vəzifələri vaxtında yerinə yetirməyə, Qələbəyə töhfələrini verməyə çalışmışlar. Bütün xalqımız kimi biz neftçilər də Sizə sonsuz minnətdarlıq bildirir, Sizinlə qürur duyuruq. İnanırıq ki, artıq heç bir qüvvə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə xələl gətirə bilməz, çünki bizim möhkəm, etibarlı əsaslar üzərində qurulmuş qüdrətli dövlətimiz, güclü ordumuz, milli maraq və mənafelərimizi həm hərbi müstəvidə, həm də danışıqlar masasında qətiyyətlə müdafiə edən, gerçəkliyə çevirən yenilməz sərkərdəmiz - Ali Baş Komandanımız var. Xalqın öz qüdrət mənbəyi olan Dövləti, Ordusu və Prezidenti ilə sarsılmaz birliyinin bizi qələbədən qələbəyə, daha işıqlı və parlaq gələcəyə aparacağına tam əminik.
    Yaşasın Azərbaycanın Müzəffər Ali Baş Komandanı!
    Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!
    Dərin hörmət və ehtiramla,
    Rövnəq Abdullayev,
    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti.
    Azərbaycan Respublikası, Bakı şəhəri.  



    Möhtərəm Prezident! Sizi böyük siyasi rəşadət və və sərkərdəlik məharəti göstərməklə çağdaş dünyanın ən ağır münaqişələrindən biri – müxtəlif siyasi mərkəzlər tərəfindən əsassız bəhanələrlə müşkül hala gətirilmiş, istər ölkəmizi, istərsə də bütün geosiyasi regionu on illərlə böyük gərginlik altında saxlayan Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin köklü həlli istiqamətində əldə etdiyiniz nəhəng Qələbə münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, milli maraqlarımız naminə gördüyünüz bütün işlərdə davamlı inam və qətiyyət arzulayırıq!
    Biz yaxşı bilirik ki, bugünkü müvəffəqiyyətin kökündə təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Sizin uğurla davam etdirdiyiniz nizami ordu quruculuğu, indi iftixar hiss ilə Müzəffər Ordu adlandırdığımız Silahlı Qüvvələrimizin böyük uzaqgörənliklə ən müasir silahlarla təchiz olunması, ölkədə çox ciddi məsrəflər tələb edən müasir müharibəni belə qətiyyətlə aparmağa imkan verə biləcək iqtisadiyyat yaradılması və dəfələrlə böyük qürurla qeyd etdiyiniz sarsılmaz iqtidar-xalq birliyi dayanır. Bunun məntiqi nəticəsidir ki, ötən əsrin sonlarında üzləşdiyi 20 Yanvar və Xocalı Soyqırımı kimi faciələrə, minlərlə şəhid verməklə torpaqlarının 20 faizini itirmək məcburiyyətinə məruz qalmış Azərbaycan xalqı, bu gün öz vətənpərvər Prezidenti ətrafında sıx birləşərək döyüş meydanlarında göstərdiyi şücaətlə “Qarabağ Azərbaycandır!” deyə-deyə bütün dünyaya öz qüdrətini nümayiş etdirmiş, öz üç rəngli bayrağını mənfur düşməndən azad etdiyi müqəddəs Qarabağın kənd və qəsəbələrinə, ən uca zirvələrinə sancaraq, ağır şərtlər qarşısında qoyulan bir xalqdan, öz şərtərini diqtə edən xalqa çevrilmişdir.
    Müzəffər Ali Baş Komandan, müdrik rəhbərliyinizlə, məhz Sizin sarsılmaz iradənizlə, cəsarətinizlə, əzmkarlığınız və qətiyyətiniz sayəsində 2020-ci il sentyabrın 27-dən davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu bu başda Azərbaycanın mirvarisi – Şuşa şəhəri olmaqla, təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etdi. Eləcə də bizim möhtəşəm Qələbəmizi rəsmiləşdirən 2020-ci il 10 noyabr tarixli imzaladığınız bəyanata əsasən qeyd olunan tarixlərdə digər 3 rayonumuz azad edilir.
    Sizin müdrik rəhbərliyinizlə müasir Azərbaycan tarixinin ən parlaq səhifələrinin yazılmasına şahid olmağımızla fəxr edir, müsəlləh əsgər kimi həmişə yanınızda olmağımızdan qürur duyduğumuzu bildirməklə, dövlətimizi tanıtmağa və ona baş ucalığı gətirməyə xidmət edən bütün fəaliyyəlinizdə Sizə böyük uğurlar arzulayırıq.
    Hörmətlə, Zakir Qaralov,
    Azərbaycan Respublikasının Əməkdar hüquqşünası.
    Azərbaycan Respublikası, Bakı şəhəri.   



    Müzəffər Ali Baş Komandan.Mən bir Azəbaycan vətəndaşı olaraq Sizi və Ordumuzu bu Böyük Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm və bizə bu xoşbəxtliyi yaşatdığınız üçün minnətdarlığımı bildirirəm. Sizə uzun ömür, cansağlığı arzulayıram.
    Möhtərəm Prezidentimiz, çox istərdim ki, hərbi xidmətə gedəcək yaşda olub bu böyük zəfərdə mən də mərd, cəsur əsgər və zabitlərimiz kimi qəhrəmanlıq göstərib, erməni vəhşiliklərinin qurbanı olmuş insanlarımızın intiqamını alım, amma yaşım buna yol vermədi. Bunu mən edə bilməsəm də rəşadətlə vuruşaraq torpaqlarımızı erməni vandallarından xilas edən qorxmaz igidlərimiz Sizin uğurlu siyasətiniz nəticəsində bacardılar.
    Eşq olsun Ali Baş Komandana və Azərbaycan Ordusuna!
    Qarabağ Azərbaycandır!
    Hörmətlə, Rəhimli Mehman Arzu oğlu,
    Kimya-biologiya təmayüllü liseyin 10-cu sinif şagirdi.
    Azərbaycan Respublikası, Yardımlı rayonu, Osdair kəndi.



    Hörmətli cənab Prezident! Sizin rəhbərliyiniz altında şanlı Ordumuzun işğal altında olan torpaqlarımızı işğaldan azad etməsi münasibəti ilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı arzu edirəm. Bu şanlı tarix nəsildən-nəsilə ötürüləcək, dillər əzbəri olacaqdır. Var olun!
    Hörmətlə,Qasımova Qənirə Nizami qızı, direktor,
    Boyat kənd Uşaq Musiqi Məktəbinin kollektivi adından.
    Azərbaycan Respublikası, Ağcabədi rayonu, Boyat kəndi.




    PAYLAŞ:

    Oxşar xəbərlər