Dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu münasibətlərin qurulması Azərbaycanın xarici siyasətində prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmət və ehtiramla yanaşıblar. Azərbaycan və İsrail arasında bu gün çox fəal siyasi dialoq və etibarlı əməkdaşlıq əlaqələri vardır. İsraildə cari ildə Azərbaycan səfirliyinin açılması faktı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaqdır. Azərbaycanın xarici siyasətində İsrail Dövləti ilə əlaqələrin inkişafı mühüm yer tutur. Ötən illər ərzində bu münasibətlər dinamik şəkildə inkişaf edib. Son illər isə bu dinamika əhəmiyyətli dərəcədə artıb.
Müstəqilliyimizi tanıdığı 1991-ci il dekabrın 25-dən sonra Azərbaycan ilə bu dövlət arasında münasibətlər həmişə müsbət istiqamətdə inkişaf edib. Amma son bir neçə ildə münasibətlərdə xüsusi dinamika müşahidə olunur: əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı səfərlərin çoxalması, ticarət dövriyyəsinin və investisiyaların artması, qarşılıqlı fəaliyyət üçün yeni sənaye sahələrinin müəyyənləşdirilməsi bunun bariz nümunəsidir. Mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək və geniştərkibli görüşləri olub, iki dövlət arasında bir sıra sənədlər imzalanıb, mərasimin sonunda Prezidentlər mətbuata bəyanatla çıxış ediblər. Qeyd edilib ki, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir.
Səfər ikitərəfli əlaqələrimizi daha da gücləndirəcəkdir.Azərbaycanda yaşayan yəhudilər hər zaman yüksək diqqət və qayğı ilə əhatə olunub. Buradan İsrailə qayıdan və orada müxtəlif işlərdə çalışan yəhudilər bunu hər zaman söyləyir. İsrail Azərbaycanın haqq işini birmənalı dəstəklədi. Eyni zamanda, l və II Qarabağ müharibəsində yəhudi vətəndaşlar Azərbaycanla çiyin-çiyinə vuruşublar. Buranı müqəddəs vətən hesab ediblər. Albert Aqarunov Azərbaycanın ən yüksək fəxri adı olan Azərbaycanın Milli Qəhrəmanı adını almışdır. Prezident cənab İlham Əliyevin 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bildirib: “Yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşublar”.
İsrail Prezidenti İsxaq Hersoqun Azərbaycana səfəri bir daha göstərdi ki, Azərbaycan-İsrail münasibətləri ildən-ilə genişlənir və əlaqələr möhkəmlənir. İ.Hersoqun Azərbaycana səfəri bir daha sübut edir ki, Azərbaycanla İsrail arasında münasibətlərin daha da yaxşılaşdırılması həm iqtisadi baxımdan, həm də insanların rifahının yüksəldilməsi, dostluq və qardaşlığın möhkəmləndirilməsi baxımından çox dəyərlidir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalandı, bu da dövlətlərarası münasibətlərin gələcək inkişafında mühüm perspektivlər yaradacaq. Səfər çərçivəsində sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Prezident İlham Əliyev bildirdi ki, iki ölkə müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edir və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir.
Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. Azərbaycanla İsrail arasında əlaqələr uğurla inkişaf edir. İsrailin Prezidenti İsxak Hersoqun ölkəmizə səfəri dövlətlərimizin münasibətlərinin yüksələn xətlə inkişaf etməsinin göstəricisidir.
Müşfiq Qurbanov,
Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi