Güclü ordu qurmuşuq!

Güclü ordu qurmuşuq!
  • Cəmiyyət

  • 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildi. Bu tarix hər il rəsmi dövlət bayramı kimi qeyd edilir.
    Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası 1993-cü ilin sonlarında qoyuldu. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra həm prezident, həm də Ali Baş Komandan olaraq, ordunun qüdrətli olmasına diqqət yönəltdi. Ordu vahid komandanlıq ətrafında birləşdirildi və nizami ordu yaradıldı. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, elmi əsaslarla davam etdirildi, ordu siyasi təsirlərdən xilas edildi.
     
    Ulu öndərin ordu quruculuğu sahəsindəki siyasəti bu gün də uğurla davam etdirilir. 

    Ötən müddət ərzində ordumuz öz döyüş qabiliyyətinə, maddi-texniki təminatına və digər göstəricilərinə görə daha da güclənmişdir.
       
    Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, ordumuzun daha da güclənməsi istiqamətində aparılan işlər dövlət başçısı kimi fəaliyyətinin prioritet məsələsidir.
       
    Təsadüfi deyil ki, hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqində Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, ölkəmizin iqtisadi potensialı artdıqca Silahlı Qüvvələrimizin daha da güclənməsinə və modernləşdirilməsinə ayrılan xərclər də artırılacaqdır.
       
    Ordumuzun silah təminatı da yüksək səviyyəyə çatdırılmışdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev haqlı olaraq qeyd etmişdir:
       
    “Bu gün Azərbaycan, sözün əsl mənasında, bölgədə ən yüksək mövqelərə malik bir ölkədir. Əlbəttə, bu mövqeni şərtləndirən mühüm amillər vardır. Bu amillər böyük iqtisadi potensial və güclü ordudur. Güclü ordu güclü dövlət deməkdir. Bizim məqsədimiz güclü ordu yaratmaqdır. Biz bunu edirik, yaradırıq, biz daha da möhkəm orduya malik olacağıq”.
         
    Ordumuzun döyüş hazırlığı səviyyəsi daha da yüksəldilib, şəxsi heyət müasir silah və texnikadan məharətlə istifadə bacarığına yiyələnib. Maddi-texniki baza inkişaf etdirilir, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sistemi daim təkmilləşdirilir, hərbi təhsil və hərb elmi günün tələbləri səviyyəsinə qaldırılır, şəxsi heyətin yeni döyüş şəraitinə uyğun təlimlərə cəlb edilir.


     
    Rəhman MUXTAROV,
    Masallı GEM ərazi partiya təşkilatının
    sədri.
    PAYLAŞ:

    Oxşar xəbərlər