Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Bu gün Müstəqillik Günüdür.Prezident İlham Əliyev ilk olaraq Laçın əhalisinə müraciət edərək söylədi:
Əziz Laçınlılar, ilk növbədə sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Bu gün ikiqat bayramdır. Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.Bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir. Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir.
İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır.Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək.Bununla paralel olaraq indi tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq, bütün digər lazımi şərait yaradılır. Dünən mənə göstərilən təqdimatda gördüm ki, onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Yəni, burada həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır və gördüyünüz kimi, bu gün Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir.
Prezident İlham Əliyev, çıxışında söylədi ki, Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü, artıq hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş o qüvvələrin xəyanəti nəticəsində. Aprel ayında biz Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Yəni, bu tarixlər arasında bağlılıq var. O vaxt Azərbaycan müstəqil ölkə kimi yaşasa da, ancaq müstəqil siyasət apara bilmirdi. Azərbaycan zəif idi, gücsüz idi, ölkədə gedən dağıdıcı proseslər yeni əldə edilmiş müstəqilliyi faktiki olaraq şübhə altına qoymuşdu. Siz yaxşı bilirsiniz, mən uzun illər ərzində çalışırdım ki, biz bu işğala danışıqlar yolu ilə son qoyaq. 20 ilə yaxın apardığım danışıqlar bunu bir daha göstərir. Ancaq siz də, bütün Azərbaycan xalqı da, bütün dünya ictimaiyyəti də yaxşı bilirdi və bilir ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi, işğal edilmiş torpaqlardan çıxmaq istəmirdi.
Sadəcə olaraq, görüntü naminə, beynəlxalq vasitəçiləri aldatmaq üçün, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün belə bir təklif irəli sürürdü ki, bəli, guya onlar beş rayonu qaytarmağa hazırdırlar, ancaq Laçın və Kəlbəcər onların əlində həmişəlik qalmalıdır. Biz isə heç vaxt bununla razılaşa bilməzdik. Mən hər zaman deyirdim ki, ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Bu gün müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində biz buna nail olmuşuq. Biz düşməni döyüş meydanında məğlub etmişik. Danışıqlar yolu ilə olsaydı, daha yaxşı olardı, ancaq mən deyirdim ki, biz hər varianta hazır olmalıyıq və azadlıq gününü hər birimiz yaxınlaşdırmalıyıq və yaxınlaşdırdıq. Danışıqlar aparılan müddətdə iqtisadiyyatımızı gücləndirdik və bu gün heç kimdən asılı deyilik. Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma, eyni zamanda, bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır.Onu da bildirməliyəm ki, Laçın rayonunda, eyni zamanda, Kəlbəcər rayonunda ermənilər qanunsuz məskunlaşma aparırdılar. Bu, beynəlxalq konvensiyalarla hərbi cinayət sayılır. Ancaq onların hansı vəziyyətdə yaşamalarını mən buraya sentyabr ayında gələndə gördüm. Onların özləri üçün qurduqları şəraiti mən heç nə ilə müqayisə edə bilmirəm.
Çünki insan o şəraitdə necə yaşayıb, onu yəqin ki, ancaq özləri bilə bilər.Biz Laçına qayıdandan dərhal sonra artıq quruculuq işlərinə start verdik. Mən sentyabr ayında gəldim, sentyabrın sonundan biz artıq işlərə başlamışıq.Əziz laçınlılar, siz uzun illər əzab içində yaşamısınız, həm fiziki, həm mənəvi, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində. Ondan daha ağırı mənəvi əzab idi. Yəni, öz doğma torpağına qayıda bilməmək əzabı dəhşətlidir. Bunu hər kəs başa düşməlidir və başa düşür. Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni, 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? Amma bilirdim ki, qayıdacağıq və əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız. Biz çalışacağıq ki, bunu bundan sonra da təmin edək.
Əyyubzadə Fərid,
Banbaşı kəndi