"Biləsuvar rayonunda Bolqarçay su anbarı boşaldılıb, texnikalar hazırda ərazidədir".
Leqal.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev deyib.
O bildirib ki, dünəndən Bolqarçayın İran ərazisindən Biləsuvar rayonu ərazisinə güclü sel suları daxil olmaqdadır.
Sədr müavininin sözlərinə görə, görülmüş tədbirlər nəticəsində və suyun düzgün idarə olunması nəticəsində təsərrüfata və əhaliyə ziyan dəyməməsi üçün müvafiq tədbirlər həyata keçirilib:
"Dərhal suyun qarşılanması təmin olunub. Sel suları çatana qədər Bolqarçay su anbarındakı su boşaldılıb. Həmçinin suyun ərazilərdə kanallara bölüşdürülməsi nəticəsində suyun idarə olunması tamamilə təmin edilib. Bütün gecə boyu aidiyyəti dövlət orqanları ərazidə çalışıblar. Görülmüş tədbirlər nəticəsində hazırkı vaxta qədər hər hansı bir əraziyə su çıxmayıb və fəsadlar baş verməyib. Texnikalar hazırda da ərazidədir".