Şuşa şəhərininin sakinləri olan Allahverdiyevlər ailəsi qazanılan zəfərdən sonra 28 ildir uzaq düşdükləri evlərinin foto və videoları ilə xatirələrini təzələyiblər.
arb.tv Xəbər komandası həmin Allahverdiyevlər ailəsi ilə bağlı maraqlı süjet hazırlayıb.
Şuşalı Kəmalə Cahidqızı deyir:
“Bura bizim qədim şuşalılar, qalalılar bazar başı meydanı deyirdilər. Necə Bakının “Tarqovu”su, bura da elə. Bir az bekar qalan kimi şuşalılar çıxırdılar meydana gəzməyə. Elə hündür, sıx ağaclar var idi... Hamısını kəsiblər. Bu binanın üçüncü mərtəbəsində mənim iş yerim idi. “Şuşa” qəzetinin redaksiyası orada yerləşirdi. Bir dəfə bizə dedilər ki, orada bir Qızıl qaya var. Ondan soruşursan ki, Qızıl qaya qızılın var, o da sənə cavab verir ki, var. Biz də çox sadəlövhcəsinə qışqırırdıq ki, qızılın var səsimiz əsk-səda verirdi - var, var.
Mən dərk elədim ki, Şuşaya qayıdanda özümü elə oradan çıxdığım yaşda hiss edəcəyəm, mənə elə gələcək ki, məktəbi yeni bitirmişəm. Ondan sonrakı hissəsini yaşamamışam. Şuşa mənim qayğısız uşaqlığım idi, yaşaya bilmədiyim gəncliyim idi. İnşallah ki, indi də qayğısız qocalığım olacaq”.
Şuşalılar indi 28 ildir olmadıqları qədər sevincli və xoşbəxtdilər. Artıq bu insanlar Şuşada ilk gedəcəkləri yerləri də müəyyənləşdiriblər.