Lənkəranlı tarixçi-müəllim: Qarabağ Azərbaycanın qədim yaşayış məskənlərindən biridir

Lənkəranlı tarixçi-müəllim: Qarabağ Azərbaycanın qədim yaşayış məskənlərindən biridir
  • Cəmiyyət

  • Qarabağ Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Azərbaycanın poeziya və musiqi beşiyi olan Qarabağ, həm də bir çox görkəmli alimlərin, yazıçı və şairlərin, rəssam və musiqiçilərin Vətənidir.

    Bu sözləri azərtac-ın bölgə müxbirinə müsahibəsində Lənkəran şəhərindəki 6 nömrəli tam orta məktəbin tarix müəllimi, “Tərəqqi” medallı Zamin Baxşiyev bildirib.

    1968-ci ildə arxeoloq M.Hüseynov tərəfindən aşkar olunmuş Azıx mağarasının bu ərazilərin qədim tarixə malik olduğunu sübut etdiyini vurğulayan tarix müəllimi, Qarabağın ərəb işğalından sonra Azərbaycanda bir-birini əvəz etmiş Sacilər, Salarilər, Şəddadilər, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər kimi müxtəlif müsəlman dövlətlərinin tərkibində olduğunu, XVIII əsrdə isə Qarabağ xanı Pənahəli bəy Cavanşir tərəfindən yaradıldığını diqqətə çatdırıb.

    O deyib: “Pənahəli bəy Cavanşirin oğlu İbrahimxəlil xanın dövründə Qarabağ xanlığı daha da gücləndi. 1805-ci ildə İbrahimxəlil xan Kürəkçayda Rusiya silahlı qüvvələrinin komandanı, general Sisianov ilə müqavilə imzaladı. Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı müsəlman-Azərbaycan torpağı kimi Rusiyaya birləşdirildi. Bu müqavilə Qarabağın Azərbaycan torpağı olduğunu sübut edən ən mühüm sənədlərdən biridir”.

    Rus-İran müharibəsində Şimali Azərbaycanın işğalından sonra çarizmin bu torpaqlarda mövqelərini möhkəmləndirmək məqsədilə erməniləşdirmə siyasəti yürütməyə başladığını söyləyən lənkəranlı müəllim, 1828-ci il Türkmənçay müqaviləsi və 1829-cu il Ədirnə müqaviləsinə əsasən, İrandan və Osmanlı imperiyasından köçürülmüş ermənilərin Qarabağ da daxil olmaqla, Şimali Azərbaycanda məskunlaşdırıldığını, 1918-ci il mayın 28-də təxminən 100 ilə yaxın Rusiyanın əsarəti altında olmuş Azərbaycan xalqının Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdığını, Azərbaycan Xalq Cümhuriyyətinin Qarabağ üzərində də siyasi hakimiyyəti saxladığını söyləyib: “1922-ci ilin dekabrında SSRİ yarandıqdan sonra ölkə rəhbərliyində Mikoyan, Kirov, Orconikidze, Çiçerin kimi adamlar erməniləri himayə edirdilər. Nəticədə, 1923-cü ilin iyulun 7-də Dağlıq Qarabağa Azərbaycanın tərkibində mədəni muxtariyyət verildi. Bununla da Qarabağda gələcək bəlaların, qarşıdurmanın əsası qoyuldu”.

    Tarixçi-müəllim daha sonra deyib: “XX əsrdə erməni millətçiləri dəfələrlə Dağlıq Qarabağı Ermənistana birləşdirməyə cəhdlər ediblər, lakin bunu reallaşdıra bilməyiblər. Arvadı erməni olan Mixail Qorbaçovun hakimiyyəti dövründə isə ermənilər üçün əlverişli fürsət yarandı. SSRİ-nin keçmiş dövlət başçısı ermənipərəst olduğundan ətrafına yığdığı Aqambekyan, Sitaryan, Xaçaturov, Şahnazarov kimi ermənilərin dediklərinə əməl edirdi. Həmin dövrdə Azərbaycan rəhbərliyinin zəifliyi və ölkədə hakimiyyət çəkişməsi ermənilərin Dağlıq Qarabağa yiyələnmələri üçün şərait yaratdı. Ermənilər nəinki Dağlıq Qarabağı, onun ətrafındakı 7 rayonu da (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Qubadlı) işğal etdilər, azərbaycanlıları qaçqın və köçkün vəziyyətinə saldılar”.

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ikinci dəfə ölkədə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanla Ermənistan arasında atəşkəsə nail olunduğunu (1994) və problemi həll etmək üçün ATƏT-in Minsk qrupu yaradıldığını qeyd edən tarixçi-müəllim, Minsk qrupunun BMT-nin qəbul etdiyi qətnamələrinə əsasən Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tamamilə çıxarılması prinsipini nəzərə almadığını və problemi həll etmək istəmədiyini bildirib: “Bundan istifadə edən mənfur düşmənlərimiz Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməyə başladılar, təxribatlar törətdilər, himayədarlarının sayəsində silahlandılar. Nəticədə 2016-cı ilin Aprel təxribatı, 2020-ci ilin iyul hadisələri baş verdi. Azərbaycan Ordusu ermənilərə layiqli cavab versə də, onlar nəticə çıxara bilmədilər. Açıq-aşkar Azərbaycanla müharibə dili ilə danışmağa başladılar, Azərbaycanı hədələdilər, “Gəncəni tutarıq”, “Mingəçevir Su anbarını partladarıq” kimi sərsəm fikirlər söyləməyə başladılar.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra beynəlxalq tədbirlərdə Ermənistanın baş naziri Nikol Paşinyana əsl dərs verdi, siyasətdə onun təsadüfi və naşı adam olduğunu başa saldı. Bu il sentyabr ayında BMT-nin tribunasından Ermənistanın faşist siyasətini bütün dünyaya, BMT-yə, Minsk qrupuna çatdırdı. Müharibə hazırlığı aparan Ermənistanın durdurulması üçün addımlar atılmasını, Azərbaycana qarşı onun mövqeyindən əl çəkməsini söylədi. Lakin dünya birliyi, beynəlxalq təşkilatlar əməli bir iş görmədi. Nəticədə Ermənistan 27 sentyabr 2020-ci il tarixində Azərbaycana qarşı yeni təxribata əl atdı. Sərhəd rayonları, yaşayış məntəqələri–şəhər və kəndlər toplardan, qradlardan atəşə tutuldu...”.

    Azərbaycan ordusunun əks-hücum əməliyyatına başlamağa məcbur olduğunu söyləyən Z.Baxşıyev Vətən müharibəsində düşmənin çoxlu sayda canlı qüvvəsinin, hərbi texnikasının və maşınlarının sıradan çıxarıldığını, şəhər, qəsəbə və kəndlərimizin işğaldan azad olunduğunu diqqətə çatdırıb: “Azərbaycan əsgərinin xüsusi qəhrəmanlığı nəticəsində noyabrın 8-də Qarabağın döyünən ürəyi hesab olunan Şuşa işğaldan azad edildi. Nəhayət, mənfur düşmənlərimiz sülhə məcbur edilərək təslim oldular. 10 noyabr 2020-ci ildə tarixi sülh müqaviləsi imzalandı. Azərbaycan qələbə qazandı! İşğal olunan torpaqlar azad edildi. Qarabağın əlavə statusu ləğv edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı ordusu erməni vandallarına elə bir dərs verdi ki, tarix boyu onlar bunu unutmayacaqlar. Əzəli və tarixi Azərbaycan torpağı olan Qarabağ yağı düşməndən azad edildi.

    Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixin gerçəkliyindən, milyonların arzusundan yoğrularaq azadlıq rəmzinə dönən üçrəngli müqəddəs bayrağımızı layiq olduğu ən yüksək məqama yüksəltdi. Bütün Azərbaycan xalqı Qələbəmizi böyük sevinc və coşqu ilə qeyd edir. Qeyd etməyə haqqı da var! 30 illik həsrətə, nisgilə son qoyulduğu üçün! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.
    PAYLAŞ:

    Oxşar xəbərlər