8 Mart-Beynəlxalq Qadınlar Günü

8 Mart-Beynəlxalq Qadınlar Günü
  • Cəmiyyət

  • Hər il martın 8-i sosial  iqtisadi, ictimai  siyasi mübarizədə dünya qadınlarının Beynəlxalq həmrəylik günü kimi qeyd olunur. Beynəlxalq Qadınlar Gününün bayram edilməsi 1910-cu ildə Kopenhagendə sosialist qadınların 2-ci beynəlxalq konfransında Klara Setkinin təklifi ilə qərara alınıb.
           
    İlk dəfə olaraq qadınlar günü 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Sonralar həmrəylik bayramı 1913-cü ildə Rusiyada, 1917-ci ildə isə Azərbaycanda qeyd edilib. Beynəlxalq Qadınlar Günü 1914-cü ilədək müxtəlif günlərdə keçirilirdi. Bayramın mart ayının 8-də keçirilməsi Avstriya, Macaristan, Rusiya, ABŞ və sair ölkələrin qadınları öz həmrəylik günlərini məhz bu tarixdə qeyd edəndən sonra ənənəyə çevrilib.
         
    Həmin vaxtdan etibarən, dünya ölkələrində qadınlar 8 martı sülh uğrunda mübarizədə həmrəylik günü kimi qeyd ediblər.
             
    1965-ci ildən keçmiş SSRİ dönəmində 8 Mart Beynəlxalq Qadınlar Günü elan olunmuşdur. Müstəqillik qazandıqdan sonra respublikamızda 8 Mart – Beynəlxalq Qadınlar Günü saxlanılaraq, geniş qeyd edilir. Həmin gün qeyri iş günü hesab olunur.
                 
    2023-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycan əhalisinin ümumi sayının  50,2 faizini qadınlar təşkil edir. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan  ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar Günü keçirilməsinə mühüm önəm verib. Ulu öndər Qadınlar Bayramının Azərbaycan qadınının ictimai-siyasi fəallığının, artmasında, inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
                   
    Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir. Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəlmişlər. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında onların misilsiz xidmətləri vardır.
                 
    Azərbaycan qadınları dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ qazanmış, incəsənətin və elmin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları atmaqla qabaqcıl düşüncəli, yenilikçi və mütərəqqi ruhlu olduqlarını sübuta yetirmişlər. Onlar ölkəmizin, xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin müasir əsaslar üzərində qurulması üçün böyük əzmlə çalışmış, ötən müddət ərzində mühüm nailiyyətlər əldə etmişlər.
                 
    Ədəbi-ictimai və mədəni-elmi fikir tariximizdə iz buraxmış maarifpərvər sələflərinin adlarını uca tutan və nəsillərin varisliyi prinsipinə sadiq qalaraq onların açdıqları yolda inamla irəliləyən Azərbaycan xanımları bu gün də dolğun sosial-mədəni fəaliyyətləri ilə cəmiyyətimizin inkişafına xüsusi dinamizm və ahəngdarlıq qatırlar.
                 
    Fədakar analarımız, yüz illər əvvəl olduğu kimi, vətəni ana qədər əziz və müqəddəs bilən, qəlbləri doğma yurda sevgi ilə dolu, ənənələrimizə sadiq, saf əqidəli övladlar yetişdirirlər. Haqq işi uğrunda apardığımız Vətən müharibəsində xalqımıza parlaq qələbə sevinci yaşadan gənclərimizin unudulmaz rəşadəti bunun aydın təzahürüdür.
                 
    İnanıram ki, zəngin mənəviyyatlı Azərbaycan qadınları qarşıdakı illərdə də qurub-yaratmaq şövqləri ilə cəmiyyət həyatına yüksək dəyərlər bəxş edəcək və müstəqillik salnaməmizə yeni, işıqlı səhifələr yazacaqlar.
           
    8 Mart – Beynəlxalq Qadınlar Günü Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da böyük ruh yüksəkliyi ilə bayram edilir. Bölgədə fəaliyyət göstərən ali, orta ixtisas və ümumtəhsil məktəblərində, idarə, müəssisə və təşkilatlarda bununla əlaqədar tədbirlər, konsert proqramları təşkil olunur. 



    Muxtarov Rövşən,
    Masallı rayon,Güllütəpə kənd tam orta məktəbinin müəllimi

    PAYLAŞ:

    Oxşar xəbərlər