26 fevral- Xocalı soyuqrımı günü ilə əlaqədar

26 fevral- Xocalı soyuqrımı günü ilə əlaqədar
  • Cəmiyyət

  • Tarixin müxtəlif dönəmlərində insanların kütləvi qətli ilə nəticələnən faciələr, soyqırımlar çox olub. Bu qətliamlar arasında erməni şovinizminin törətdiyi ağlasığmaz Xocalı soyqırımı dəhşətləri ilə fərqlənir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini başlamaqla etnik təmizləmə siyasətlərini davam etdirən ermənilər Xocalını 1991-ci il oktyabrın 30-da tam blokadaya saldılar və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə Xocalı yandırıldı, yerlə-yeksan edildi. Şəhəri tərk etməyə məcbur qalan, dağlara, meşələrə qaçan dinc sakinləri güllələyən ermənilər əvvəlcədən düzəltdikləri pusqularda rast gəldikləri xocalıları qətlə yetirib, bəzilərini girov götürdülər. Dəhşətli soyqırım nəticəsində 613 nəfər vəhşicəsinə öldürüldıü. Qəddarlığın ən son həddi isə 1275 nəfər dinc sakinin əsir götürülməsi oldu. O hadisələrdə əsir düşmüş 150 nəfərin taleyi hələ də bəlli deyil.
                 
    Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
               
    Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis «Xocalı Soyqırımı Günü haqqında»” qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı. 
               
    Faciənin dünya miqyasında tanıdılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən görülən işlər xüsusilə təqdirəlayiqdir. 2008-ci ildə Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış «Xocalıya ədalət!»” beynəlxalq kampaniyası uğurla davam etdirilir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiqlənib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 24 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Qardaş Türkiyədə, ABŞ-da, Almaniyada, Avstriyada, Belçikada, Gürcüstanda, Hollandiyada və digər ölkələrdə keçirilən mitinqlər, anım tədbirləri, konfranslar, sərgilər, müsabiqələr ictimaiyyət arasında böyük əks-səda doğurub. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram olaraq 6 ölkədə abidə ucaldılıb.
                   
    Xocalı soyqırımı qurbanlarının ruhuna ən layiqli ehtiram Qarabağın işğaldan azad edilməsi, 44 gün davam edən İkinci Qarabağ müharibəsində Müzəffər Ordumuzun qazandığı Zəfər oldu. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Müzəffər Ordu Xocalı soyqırımı qurbanlarının qisasını aldı.
        


    Müşfiq Qurbanov,
    Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçi
    PAYLAŞ:

    Oxşar xəbərlər