Prezident İlham Əliyev 18 fevral 2023-cü il tarixində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxış edib. Bildirilib ki, tarixdə ilk dəfədir ki, Münhen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşürlər. Azərbaycan xalqı müharibənin nə olduğunu bilir. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə Avrasiyada sülhün bərqərar olmasını istəyirik. Qeyd edilib ki, biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri. Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb. Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur.
Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Vurğulanıb ki, Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Rəsmi Bakı Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırdır. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformamız var. Onlardan biri Brüssel formatıdır. Bu formatın üçtərəfli olduğu, yəni, Aİ, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşma vardır. Bildirilib ki, Azərbaycanda yeni nəsil yetişib. Cavan olduqları və Ermənistan o torpaqları işğal etdikdə hələ anadan olmadıqları üçün heç zaman görmədikləri torpaqlara qayıdan və oraları işğaldan azad edən bir nəsil yetişib. Apardığımız müharibənin məqsədi torpaq işğal etmək deyildi. Ona görə də bir nəfər əsgərimiz belə döyüş meydanını tərk etmədi. 44 gün ərzində şəhər və kəndlərimiz “İsgəndər” raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi. Müsahibələrdə qeyd olunub ki, burada hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir. Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Qeyd olunub ki, nəzarət-buraxılış məntəqələri olmadan sərhədlərin delimitasiyası mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Prezident bildirib ki, İranda baş vermiş hadisə Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktıdır. Terrorçu 30-40 dəqiqə ərzində tərk-silah edilməmişdir və polis maşınları, təhlükəsizlik xidmətinin işçiləri gəlib-gedirdilər, amma onlar ona iki dəfə səfirliyin binasına daxil olmağa, səfirliyin mühafizə işçilərindən birini qətlə yetirməyə, ikisini isə yaralamağa imkan verdilər. Azərbaycan səfirliyimizdə baş vermiş məsələ ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb edir.
Bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran istablişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu göstərir. İki gündən sonra terrorçu əqli çatışmazlığı olan insan kimi elan edildi. İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır. Vurğulanıb ki, İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə vəziyyət tamamilə dəyişmişdir. Yeni reallıqlar ortaya çıxdı və biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək. Biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər yeni yanaşmaları tələb edir. Diqqətə çatdırılıb ki, bu gün həqiqətləri gizlətmək, yaxud da ki, reallığı təhrif etmək mümkün deyil. Biz informasiya dünyası dövründə yaşayırıq. Hər kəs yaxşı bilir harada nə baş verir. Ona görə qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalar, əlbəttə ki, ciddi qəbul edilmir.
Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun. Enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək. Enerji təhlükəsizliyi məsələləri beynəlxalq təşkilatlar tərəfindən müzakirə olunan gündəliyin ön sıralarındadır. Azərbaycan yeni mənbənin sahibi kimi və Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətlə qarşılanır.
Ceyhun Hüseynov,
Masallı MRX İƏ söbəsinin mütəxəssisi