Türkiyədə baş vermiş dağıdıcı zəlzələ bütün dünyanı dəhşətə gətirdi. Çoxsaylı insanın ölümü və xəsarət almasına səbəb olan təbii fəlakətlə bağlı bir çox ölkələr Türkiyəyə yardım etmək üçün səfərbər olub. Onlarla ölkə zəlzələ bölgəsinə axtarış-xilasetmə qrupları, tibbi briqadalar və humanitar yardım göndəriblər.
Qardaş Türkiyəyə ilk dəstək isə Azərbaycandan olub. Prezidentimiz İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkəyə gedən Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarına cəlb edilmişdir və güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.
Ümumilikdə, faciə baş verdiyi dövrdən bu günə kimi FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir.Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin, modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir.
Eyni zamanda Azərbaycanın bütün bölgələrindən olduğu kimi Masallı rayonundanda da qardaş Türkiyə dövlətinə “Türkiyə Dərdiniz Dərdimizdir” adı yardım aksiyası könüllü olaraq davam etdirilir. Masallı rayonunda toplanmış yardımların birbaşa Türkiyəyə göndərilməsi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilmişdir. Masallı rayon sakinləri Türk qardaşlarımıza 187 min manatlıq yardım göndərmişdir. Bu yardımlar könüllü şəkildə həyata keçirilir. Kimin imkanı nəyə çatırsa, əlindən gələni əsirgəmir. Milli birlik və həmrəylimiz heç vaxt sarsılmayacaq. Yardımlar hələdə rayon sakinləri tərəfindən davam etdirilir.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. Türkiyədən gələn acı xəbər Azərbaycan xalqının, dövlətinin dərin hüznünə, kədərinə səbəb olub. Qardaş ölkədə baş verən dəhşətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatının olması ölkəmizi də yasa bürüyüb.
Bir millət iki dövlət - Azərbaycan və Türkiyə dar gündə də, xoş gündə də bir-birinə həyan, arxa-dayaq olur. Prezidentimiz zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırmış, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdimişdir.
Baş vermiş təbii fəlakətlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün Türkiyədə bir həftə matəm elan edib Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunmuşdur. Qardaş ölkənin Azərbaycandakı səfirliyinin önündəki Türkiyə bayrağı da yarıya qədər endirilmişdir.
Natiq Vəlişov,
Masallı Dövlət Regional Kollecin müəllimi