Fevralın 13-də AMEA Rəyasət Heyətinin binasında daxili imkanlar hesabına “Meridian” akt zalı istifadəyə verilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, istifadəyə verilən yeni akt zalı bir sıra elmi tədbirlərin, Akademiyanın dünyanın elmi qurum və təşkilatları ilə əlaqələrinin daha da genişləndirilməsi, Azərbaycan elminin dünya elminə inteqrasiyası işinə xidmət edəcək görüşlərin, toplantı və müzakirələrin keçirilməsi üçün nəzərdə tutulub.
“Meridian” akt zalında AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə ilk müşavirə keçirilib.
AMEA Rəyasət Heyəti aparatında struktur islahatlarının əsasən başa çatdırıldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli yeniləşməkdə olan Akademiyanın qarşısında duran bir sıra mühüm vəzifələr haqqında ətraflı məlumat verib. Rəyasət Heyəti aparatının işinin təkmilləşdirilməsini, “Elektron Akademiya” şöbəsinin fəaliyyət istiqamətlərinin genişləndirilməsinin vacibliyini bildirən AMEA rəhbəri müasir mərhələdə elmmetrik təhlillərin aparılmasının, elmi nəşrlərin işinin təkmilləşdirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Tədbirdə AMEA-nın Ümumi yığıncağına hazırlıq məsələləri də müzakirə olunub. Bu ildən etibarən AMEA-nın Ümumi yığıncağının formatında bir sıra yeniliklərin olacağı, hesabat məruzəsinin və mühüm nəticələri əhatə edəcək təqdimatların hazırlanmasında müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetiriləcəyi nəzərə çatdırılıb. Martın 16-da keçirilməsi qərara alınan Ümumi yığıncağın formatında nəzərdə tutulan dəyişikliklərin Akademiyanın illik hesabatının geniş elmi ictimaiyyətə çatdırılmasında xüsusi rolunun olacağı diqqətə çatdırılıb.
Müzakirələrdə AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik-katib, akademik Arif Həşimov, vitse-prezident, akademik İradə Hüseynova, Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov, eləcə də Rəyasət Heyəti aparatının şöbə müdirləri Hüseyn Hüseynov və Fariz İmranov çıxış edərək fikir və mülahizələrini səsləndiriblər.
www.leqal.az