Prezident İlham Əliyev Yaşıl Enerji Məşvərət Şurası iclasında çıxış etmişdir

Prezident İlham Əliyev Yaşıl Enerji Məşvərət Şurası iclasında çıxış etmişdir
  • Cəmiyyət

  • Fevralın 3-də ölkəmizdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində isə 1-ci iclası keçirilib. 

    Cənub Qaz Dəhlizi layihəsini başlanğıcından etibarən dəstəkləyən və onun həyata keçirilməsində fəal rol oynayan bir sıra dövlətlərin Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri ilə yanaşı, bu layihələrdə pay sahibləri olan transmilli şirkətlərin və maliyyə qurumlarının rəhbərləri də Məşvərət Şurasının toplantılarında iştirak ediblər.

    Tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çoxlu dəyişikliklər baş verib, enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsinə çevrilib. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açılıb: “Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Biz buna hazırıq”.

    Cənub Qaz Dəhlizi fəaliyyətə başladıqdan sonra bu layihəyə qoşulmaq istəyən dövlətlərin sayının artması Azərbaycan tərəfindən həyata keçirilən bu layihənin qlobal siyasi əhəmiyyətini, iqtisadi səmərəliliyini və cazibədarlığını bir daha nümayiş etdirir.

     Son vaxtlarda Cənub Qaz Dəhlizi vasitəsilə ötürülən təbii qaz həcminin 2 dəfə artırılması, yaşıl enerji resurslarının istehsalı və Avropaya nəqli ilə bağlı intensiv şəkildə aparılan danışıqlar və imzalanan sənədlər Azərbaycanın enerji siyasətinin Avropa üçün xilas mənbəyi olduğunu göstərir. Cənub Qaz Dəhlizinə və Azərbaycanın digər enerji layihələrinə getdikcə artan maraq da onu göstərir ki, Azərbaycanın enerji siyasəti bütün ölkələr arasında sülh və əməkdaşlıq prinsiplərinə xidmət edir.

    Toplantıdakı çıxışında Prezident Azərbaycanın həm qaz hasilatını artırmağı, həm də ölkə daxilində enerji səmərəliliyini təmin etməyi planlaşdırdığını bildirib: “Biz itkilərin azaldılması proqramı, o cümlədən elektrik enerji və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində çalışırıq. Beləliklə, Azərbaycanda elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza ixrac məqsədilə daha çox qənaət etmiş olarıq”.

    Azərbaycanın elektrik və yaşıl enerji ixracatçısına çevrilməsi istiqamətində görülən işlərdən danışan Prezident İlham Əliyev bu prosesə getdikcə daha çox ölkənin cəlb olunacağını qeyd edib: “Bu gün komandamızda yalnız dörd iştirakçı ölkə olsa da, bu sayın artma potensialı var, çünki biz düşünürük ki, yalnız hökumətlər deyil, şirkətlər də bu mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklər.

    Azərbaycan, həmçinin çox böyük yaşıl enerji potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. 

    Bütün bunlar ölkəmizin dünyadakı nüfuzunun, ona olan inam və etibarın artmasının bariz göstəricisidir. 

     

    Ceyhun Hüseynov, 
    Masallı MRX İƏ söbəsinin mütəxəssisi
    PAYLAŞ:

    Oxşar xəbərlər