Azərbaycanla tərəfdaşlıq münasibətləri daim yüksələn xətlə inkişaf edən Rumıniya Avropanın sayılıb seçilən ölkələrindən biridir. Bunu həm də o amil təsdiqləyir ki, bu ölkə ardıcıl və məqsədyönlü siyasəti sayəsində həm Avropa İttifaqı, həm NATO kimi nüfuzlu qurumlarda önəmli söz sahiblərindən birinə çevrilib. Dost Rumıniyanın iqtisadiyyatı çoxvektorludur. Burada ayrı-ayrı infrastruktur sahələrinin, bərpa olunan enerji seqmenti də daxil olmaqla enerji sektorunun, eləcə də kənd təsərrüfatının, avtomobil, aerokosmik, bio-sənaye və iqtisadiyyatın digər istiqamətlərinin geniş inkişaf perspektivləri var. Təbii ki, bu perspektiv uzun illər ərzində formalaşan ənənələrə, iqtisadi potensiala əsaslanır. Ölkədə yaradıcı əmək, bilik iqtisadiyyatı güclü şəkildə təşviq olunur. Azərbaycan-Rumıniya əlaqələri tarixdən gələn münasibətlərə söykənir. Mənbələrdə xalqlarımız arasında əlaqələrin təməlinin orta əsrlərdə qoyulduğu bildirlir. Tarixin müxtəlif dönəmlərində enən və yüksələn bu əlaqələr daim xoş mərama əsaslanıb. Azərbaycan ötən əsrin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra isə ikitərəfli münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
“Rumıniya Azərbaycanın səmimi və əsl dostudur. Rumıniyanın mövqeyi hər zaman bəlli olub. Biz ölkələrin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləmişik”. Bu barədə Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında bildirib. Rusiyanın Ukraynaya qarşı təcavüzünü və Qara dəniz hövzəsi regionundakı vəziyyəti Prezident İlham Əliyevlə müzakirə etdiklərini diqqətə çatdıran Klaus Yohannis deyib: «Belə bir mürəkkəb vəziyyətdə həmrəyliyin vacibliyini vurğuladıq və bu məsələlərdə Azərbaycanın da mövqeyini yüksək qiymətləndirdik”. Rumıniya Prezidenti bildirib ki, regional əməkdaşlıq, mənbə və marşrutların şaxələndirilməsi Cənub Qaz Dəhlizi kimi layihələrin təməl prinsipinə əsaslanır.
Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır. İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi uğurla icra edilmişdir. Azərbaycan qaz ixracatını sürətlə artırır. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu artımın göstəricisidir. Azərbaycanın Buxarestdəki əsas tədbiri yaşıl enerji ilə bağlı idi. Yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir. Prioritet əməkdaşlıq istiqamətlərindən biri nəqliyyat sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var.
Dövlət başçımızın söylədiyi kimi: «Biz çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün müasirliyə doğru, inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış olduq. Eyni zamanda, digər sahələr də prioritet təşkil edə bilər, o cümlədən nəqliyyat sahəsi. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var. Əminəm ki, həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də gözəl nəticələrə gətirib çıxaracaqdır.
Birgə iqtisadi komissiya ötən il görüşdüyünü və bu il görüşəcəyini vurğulayan dövlətimizin başçısı bildirib: “Beləliklə, biz xüsusilə enerji gündəliyimizlə bağlı əməkdaşlıq üçün geniş perspektivləri nəzərə alaraq, komissiyanın işini intensivləşdirəcəyik. Bütün digər sahələrdə ölkələrimiz arasındakı əlaqələr çox yaxşıdır. Əlbəttə ki, enerji layihələri tərəfdaşlığımızı gücləndirəcək”. Dövlətimizin başçısı Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsinin şaxələndirilməsi üçün əlavə addımların atılacağının deyərək bildirib ki, ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir: «Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər
Bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur, o cümlədən bu gün Azərbaycanla Rumıniya arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır.
Ceyhun Hüseynov,
Masallı MRX İƏ söbəsinin mütəxəssisi