Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban yanvarın 30-da Budapeştdə mətbuata bəyanatlarla çıxış ediblər. Prezidenti İlham Əliyev çıxışı zamanı münasibətlərimizin artıq yaxşı tarixi olduğunu, qarşılıqlı dəstək və etimad, eləcə də tərəfdaşlıq, dostluq olduğunu bildirmişdir. Bu, həqiqətən, böyük zənginlikdir. Buna görə, biz hazırda əməkdaşlığın yeni sahələrini araşdırırıq. Tərəfdaşlığımız üçün artıq çox möhkəm zəmin yarandığını Prezident İlham Əliyev qeyd edib..Bizim əməkdaşlığımızın böyük hissəsi enerji məsələlərinə həsr olunsa da, təkcə bu məsələlərlə məhdudlaşmır.
Biz, eyni zamanda, nəqliyyat sahəsində çox böyük planlarımızı həyata keçiririk. Deyə bilərəm ki, biz dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışıq. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu - istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir. Ona görə Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, hesab edirəm ki, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Burada Avropa ölkələri ilə və xüsusilə bizim üçün Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var.
Prezident İlham Əliyevin Macarıstan səfəri ölkənin siyasi rəhbərliyinin növbəti strateji addımıdır. Özünü müxtəlif sahələrdə, xüsusən də enerji sahəsində etibarlı tərəfdaş olaraq doğruldan Azərbaycan beynəlxalq arenada diqqət mərkəzində qalmağa davam etməklə avropalı həmkarları üçün daha cəlbedici tərəfdaşa çevrilməkdədir.
Səfərin məqsədi iki ölkə arasında münasibətlərin gələcək inkişafına şərait yaratmaq və qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı gücləndirməkdən ibarət idi.Enerji sahəsində əməkdaşlığın inkişafı Prezident İlham Əliyevin səfəri zamanı əsas müzakirə mövzularından birini təşkil edib. Macarıstan Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki vacib rolunu qəbul edir.
Prezident İlham Əliyevin səfəri zamanı Budapeştdə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra vacib sənədlər imzalandı. Buraya genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, miqrasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu, dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu, həmçinin dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu daxildir.
Bu səfər Azərbaycanın öz iqtisadi və geostrateji üstünlüklərindən səmərəli şəkildə istifadə edərək yeni inkişaf mərhələsinə daxil olduğunu, yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və Cənubi Qafqazda aparıcı ölkəyə çevrilməklə daha çox tərəfdaş cəlb etdiyini göstərir. Prezident İlham Əliyevin Macarıstan səfəri Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn inkişafının parlaq sübutudur. Bu səfər iki ölkə arasında münasibətlərdə yeni səhifə açacaq.
Ceyhun Hüseynov,
Masallı MRX İƏ söbəsinin mütəxəssisi