İsveçdə yaşayan, əslən Cənubi Azərbaycandan olan, “Tribun ”jurnalı və saytının baş redaktoru, siyasi icmalçı, yazıçı Əlirza Ərdəbili ölkəmizin İrandakı səfirliyinə qarşı törədilən və səfirliyin bir əməkdaşının ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən terror aktını pisləyib.
O, bildirib ki, artıq uzun zamandır İran Azərbaycana qarşı nifrət hissi bəsləyir.
“Törədilən terror aktları nifrətin nəticəsidir və biz bunu Tehranda müşahidə etdik. İran Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbəni həzm edə bilmir. İranda heç bir dövlət adamı bu terror aktına reaksiya vermir”, - Ə.Ərdəbili vurğulayıb.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb./report