Sevinirəm ki, qələbə salnaməsinin yazılmasında övladlarımın da xidməti var

Sevinirəm ki, qələbə salnaməsinin yazılmasında övladlarımın da xidməti var
  • Cəmiyyət


  • Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi şanlı qələbə– Ermənistanın təslim olması xəbərini ölkəmizin bütün vətəndaşları kimi, Masallı rayonunun ictimaiyyəti də böyük coşqu ilə qarşıladı.
    10 noyabr səhərini 30 il həsrətində olduğumuz xoş bir müjdə ilə açdıq. Sevincdən gözlərimiz yaşardı, qələbə qüruru başımızı ucaltdı. Pozulmuş tarixi ədaləti bərpa etdik. Bizə bu xoşbəxt anları yaşadan ümummilli birliyimiz, ordumuzun rəşadəti və bacarıqlı sərkərdəmizin qətiyyətli siyasi iradəsi, müdrikliyi oldu.

    Bu sözləri bizə müsahibəsində Masallı şəhər sakini, respublikanın qabaqcıl təhsil işçisi Fəxrəddin Talıbzadə dedi.

    Yetmiş yaşlı ziyalı bildirdi: “Müharibənin dayandırılmasını və qazandığımız qələbəni qeyd etməkdən ötrü sübh tezdən küçələrə çıxaraq, əllərində bayraq minlərlə insan bu tarixi gün münasibətilə bir-birini qucaqlayır, təbrik edirdi... Bu mənzərəni görəndə necə sevinməyəsən?

    Bu gün hər kəs Vətən uğrunda birləşib, ölkə rəhbərinin siyasətini dəstəkləyir. Güclü iqtisadiyyatı ilə dünyaya sürətlə inteqrasiya edən, sosial-iqtisadi sahələrdə yüksək göstəricilər qazanan, güclü orduya sahib Azərbaycan müstəqilliyimizin, suverenliyimizin qarantına çevrilib. Məhz bunun nəticəsidir ki, 44 gün ərzində düşmən başına od yağdıran oğullarımızın igidliyi, müqəddəs Vətən torpağı uğrunda can qoyan şəhidlərimizin qanı bahasına Şuşa qalasını fəth etdik, Qarabağa qayıtdıq.”

    Söhbət zamanı sevinc göz yaşlarını gizlədə bilməyən F.Talıbzadə əlavə etdi: ”Məkrli niyyətlərini gerçəkləşdirməyə çalışan düşmənin arzusunu ürəyində qoyduq, faşist erməni ordusunu darmadağın etdik. Haqq mübarizəsindən, haqq davasından qalib ayrıldıq. Mənim də iki övladım düşmənlə təmas xəttində döyüş şücaəti göstərir. Bir oğlum zabit, digəri isə könüllü əsgərdir. Sevinirəm ki, qələbə salnaməsinin şanlı səhifələrinin yazılmasında onların da xidməti var.”

    Fəxrəddin Talıbzadə müsahibəsində onu da diqqətə çatdırdı ki, informasiya müharibəsinin düzgün qurulmasında mətbuat işçilərinin, ziyalıların rolu danılmazdır. Çalışaq ki, hamılıqla bu mübarizəyə öz töhfəmizi verək. Necə ki, müharibə dövründə ölkə rəhbəri 30-a yaxın beynəlxalq kütləvi informasiya vasitəsinə müsahibə verməklə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına nail oldu. Döyüş meydanında olduğu kimi,

    Ermənistan dövlətinin və onun havadarlarının ölkəmizə qarşı apardığı informasiya cəbhəsində də ciddi zərbələr endirdik. Dövlətimizin başçısı müsahibələrində dəfələrlə vurğuladı: “Biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik. Demişdim ki, bizim bütün addımlarımız beynəlxalq hüququn norma və prinsipləri əsasında, görülüb bütün addımlarımız bu istiqamətdə atılıb. İntiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq. Düşmənin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq. Bax, bizim fərqimiz bundan ibarətdir.”
    Ömrünün 43 ilini əmək cəbhəsində keçirən ağsaqqal-ziyalı bir daha xalqımıza gözaydınlığı verdi, böyük qələbə sevincini yaşayan soydaşlarımızı təbrik etdi.

    AKİF AĞAYEV.

    PAYLAŞ:

    Oxşar xəbərlər