Yanvarın 18-də keçirilən AMEA-nın Rəyasət Heyətinin iclasında Rəyasət Heyəti aparatının strukturunda daxili imkanlar hesabına “Elektron Akademiya” şöbəsinin yaradılması haqqında qərar qəbul edilib.
Məsələ ilə əlaqədar çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Rəyasət Heyətinin yanvarın 16-da keçirilmiş iclasında aparatın strukturunda bir sıra şöbələrin adlarında dəyişiklik edilib, müasir tələblərə, yeni çağırışlara cavab verən addımlar atılıb. AMEA rəhbəri qeyd edib ki, müasir dövrdə dünyada rəqəmsal transformasiyalar, elektron resursların yaradılması prosesi geniş vüsət almaqdadır. Xüsusilə də, Dördüncü Sənaye İnqilabının çağırışları və süni intellekt texnologiyalarının tətbiqi kontekstində müasir dünyanın çağırışlarına müvafiq olaraq ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini məhz rəqəmsal transformasiyalar təşkil edir. Akademik İsa Həbibbəyli vurğulayıb ki, eyni zamanda hazırda ölkəmizdə elektron dövlət, elektron hökumət resurslarının formalaşdırılması, yeni idarəetmə texnologiyaları və sistemlərinin tətbiqi baxımından da mühüm işlər həyata keçirilməkdədir. AMEA rəhbəri bu baxımdan elektron imza, elektron sənəd dövriyyəsi, kargüzarlıq xidmətlərinin avtomatlaşdırılması kimi proseslərin də geniş tətbiq olunduğunu diqqətə çatdırıb.
İclasda AMEA-nın Rəyasət Heyətinin aparatında sənədlərin elektron dövriyyəsi sisteminin yaradılması, informasiya texnologiyalarından istifadənin imkanlarının elmdə və idarəetmədə genişləndirilməsi, kibertəhlükəsizliyinin təmin edilməsi və s. ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti aparatının strukturunda əlavə maliyyə vəsaiti və ştatlar tələb olunmadan daxili imkanlar hesabına “Elektron Akademiya” şöbəsinin yaradılması qərara alınıb. AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin əməkdaşı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov “Elektron Akademiya” şöbəsinin müdiri vəzifəsinə təyin olunub.