Azərbaycanın bu gün dünya birliyinin fəal üzvünə çevrilməsində demokratik islahatlar sahəsində qazandığı uğurlar əhəmiyyətli rol oynayır. Sirr deyil ki, bir ölkə digər dövlətlə iqtisadi əlaqələr qurarkən ilk növbədə həmin dövlətdə demokratiyanın inkişaf səviyyəsinə diqqət yetirir. Demokratiya sabitliyin, qanunun aliliyinin hökm sürdüyü şəraitdə inkişaf edir ki, Azərbaycanın da bu sahədə qazandığı uğurlar göz qabağındadır. Son iyirmi ildə hüquqi cəmiyyətin möhkəmləndirilməsi istiqamətində atılan addımların davamlılığı dada göz önündədir. Demokratik cəmiyyətin varlığını təsdiqləyən amillər sırasında azad mətbuatın inkişafını, çoxpartiyalı sistemin yaradılmasını, seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsini önə çəkən dövlətimizin bu istiqamətdə gördüyü işlər də beynəlxalq səviyyədə təqdir olunur. Ölkəmizdə vətəndaşlara bütün azadlıqlar verilib və onların qorunması üçün təkmil qanunvericilik bazası mövcuddur. Bu baxımdan cəmiyyətin inkişaf tendensiyası, demokratik təsisatların oturuşması ilk növbədə siyasi həyatın və siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi sahəsində də ciddi dəyişikliklər tələb edirdi.
Məlumdur ki, “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul edilmiş, son dəfə 2012-ci ildə həmin qanuna bəzi dəyişikliklər edilmişdi. Ötən illər ərzində cəmiyyətdə baş verən dəyişikliklər zəruri idi. Bu günlərdə cənab Prezidentin imzaladığı “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu bir daha bu reallığı təsdiqlədi ki, demokratik təsisatların inkişafı, təkmilləşdirilməsi dövlət siyasətinin əsasını təşkil edir.
İnamla demək olar ki, bu sənəd partiyaların fəaliyyətində nəzərəçarpacaq dəyişikliklərə yol açacaq. Onu da qeyd edək ki, sənədin hazırlanmasında Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınıb, Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərdən keçirilib.
Yeni qanun qəbul edilməmişdən əvvəl layihə şəklində olanda daxili siyasi aktorlarımızın, siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının geniş müzakirəsinə təqdim edilmiş, 200-ə qədər əlavə və dəyişikliklər edilərək təkmilləşdirilmiş və eyni zamanda, 24 ölkənin müvafiq qanunları ilə müqayisəli təhlil edilərək, beynəlxalq təcrübə ilə zənginləşdirilərək cilalanmışdır. Nəticədə yeni reallıqda siyasi sistemimizdə milli maraqlarımız baxımından səmərəli nəticələrə gətirib çıxara biləcək bir qanun qəbul edilmişdir.
Yeni qanunda partiyanın təsis olunması üçün tələb olunan üzv sayının iki dəfə azaldılması, təsisçi sayının yeni təkliflərə uyğun dəyişdirilməsi, seçkidə iştirak etməməklə bağlı partiyanın ləğvini nəzərdə tutan müddəanın, ümumiyyətlə, layihədən çıxarılması siyasi fəaliyyət üçün geniş imkanlar yaratmaqla bağlı demokratik mühitin inkişafına da ciddi təkan verəcəkdir.
Partiyaların dövlət tərəfindən maliyyələşməsinin yeni qanunda bir daha təsbit olunması, ədalətli bölgü prinsipinin tətbiqinin nəzərdə tutulması siyasi partiyaların fəaliyyətin dövlətin diqqət və qayğısının bariz nümunəsidir. Qəbul edilən qanun təbii ki, siyasi partiyaların cəmiyyətdə nüfuzunun artmasına, siyasi proseslərə təsir imkanlarının genişlənməsinə öz müsbət təsirini göstərəcək. Bu qanun Azərbaycanda həyata keçirilən islahatlar fonunda formalaşan yeni siyasi sistemin tələblərinə tam cavab verməklə mütərəqqi bir sənəddir. Qanunun ictimai əhəmiyyəti və onun siyasi sistemdə yaradacağı dəyişikliklər müsbət qiymətləndirilməlidir.
Rusif Kərimov
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi