Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.Cenab Prezident İlham Əliyev qeyd etmişdirki,bu gün biz ilin idman yekunlarını müzakirə edəcəyik. Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir.
Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarını qeyd etmək istərdim. Bildiyiniz kimi, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir. Çünki İslam Həmrəyliyi Oyunlarında rəqabət çox böyük idi, demək olar ki, bütün komandalar əsas heyətlə təmsil olunurdu. Gərgin mübarizə zamanı 4-cü yeri tutmaq əlbəttə ki, böyük qələbədir, böyük nailiyyətimizdir.İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir.
Bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi. Bəzi ölkələrdə sayılmır. Amma mən hesab edirəm ki, biz düzgün yoldayıq. Çünki sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır.Azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Bunun çox böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Bildiyiniz kimi, tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlamışıq və bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir.
Azərbaycan tarixi Zəfərə imza atmış ölkədir və Zəfərimiz hər bir azərbaycanlı ,hər bir vətəndaş ,ümumilikdə bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. İdmançılarımızda qalib xalqı təmsil etdikləri üçün beynəlxalq yarışlarda daha qürurla və ədalətlə iştirak edir,ölkəmizi layiqincə təmsil edirlər. İdmana və idmançılara göstərilən dövlət qayğısı nəticəsində Azərbaycan idmanı bundan sonra da inkişaf edəcək,davamlı qələbələr qazanacaq.
Prezident İlham Əliyev onu da qeyd etmişdir ki,azad edilmiş ərazilərdə idman qurğularının yaradılması nəzərdə tutulur. Ağdamın məşhur “İmarət”stadionunun yeni layihəsi işlənir.Eyni zamanda Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu.Bütün bunlar deməyə əsas verir ki,Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib.Biz elə gənc nəsil yetişdirmişik ki,həm idman arenalarında,həm də döyüş meydanında ölkəmizin bayrağını zirvələrə qaldırır.Biz II Qarabağ müharibəsi zamanı bunun şahidi olduq.
Sonda dövlət başçısı bir daha qeyd etdi ki,ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir.Bu siyasət ardıcıl şəkildə aparılacaq , Azərbacanımızda hər zaman sabitlik, əmin- amanlıq,təhlükəsizlik hökm sürəcək!
Abdulla Abdullayev,
Masallı rayon Ərkivan qəsəbə 2 saylı tam orta məktəb