Prezidentin müəyyənləşdirdiyi yeni yol xəritəsi Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçidini təmin edəcək.Hələ 2021-ci fevralın 2-də Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamda deyildiyi kimi, Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Son 18 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyüyüb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənib.Artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Ölkə regional iqtisadiyyatın əsas hərəkət verici qüvvəsi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəldib, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaradıb.
44 günlük Vətən müharibəsindəki tarixi qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatının inkişafı üçün yaratdığı şərait, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, yüksək rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək.
Azərbaycan Vətən müharibəsindəki qələbəmizi davam etdirən diplomatik nailiyyətləri ilə bölgədə yeni reallıqlar yaradır. Dünya iqtisadiyyatı üçün inkişafa doğru yeni bir qapı rolunu oynayacaq, əksər region ölkələrinin iqtisadi-siyasi maraqlarına xidmət edəcək, türk dünyasını böyük bir nəqliyyat-kommunikasiya qurşağında birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı perspektivlər bu reallığın böyük tərkib hissəsidir. Düşməndən təmizlənmiş ərazilərimizdə başlanan dirçəliş prosesləri, resurslarla zəngin bu torpaqlarda sosial-iqtisadi həyatın bərpası da ölkəmiz üçün yeni inkişaf imkanları yaradır.
1993-2003-cü illər ölkənin inkişafında həlledici illər oldu.Siyasi islahatlara start verildi,çoxpartiyalı sistem yaradıldı.Ölkə beynəlxalq təcriddən çıxdı.Azərbaycan dünyada artıq hörmətli və hörmətə layiq ölkə kimi tanınmağa başladı.Ölkəmizə böyük investisiyalar cəlb edildi.Ordu quruculuğuna start verildi. Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən ölkə Prezidenti İlham Əliyevin yeritdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan dövləti bütün sahələrdə regionda və dünya miqyasında sürətli inkişafına görə öndə gedən dövlətlərdən oldu.Ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasi xətt nəticəsində Azərbaycanın davamlı inkişafı təmin edilir.Azərbaycanın regional təşəbbüslərinin əhəmiyyəti ildən-ilə artır.Ölkənin uğurlu enerji siyasəti,nəqliyyat siyasəti,nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı,eyni zamanda bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formalarını yaratdı.Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm regionda, həm də dünyada söz və mövqe sahibinə çevrilmiş və bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir.
Quliyev Çingiz
Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı