Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı. Təsadüfi deyil ki, Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusu sırasında yer alıb.
2020-ci ilin iyununda yeni ərazilər işğal etmək niyyəti ilə bütün vasitələrdən istifadə etməklə müxtəlif istiqamətlərdən torpaqlarımıza hücum edən düşmənin silahlı birləşmələri ağır məğlubiyyətə uğradıldı. Azərbaycan Ordusunun hissələri bu hücumun qarşısını uğurla yekunlaşdırdı. Əks-hücum əməliyyatı üçün əmr verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi ki, Ermənistan rəhbərliyi hərbi cinayət törədir.
Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib. Bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir.
Müzəffər Azərbaycan Ordusu gedən döyüşlərdə düşmənləri bizim torpağımızdan qovur və qovacaqdır. Mən demişəm ki, öz xoşları ilə bizim torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimi qovacağıq və qovuruq. Müzəffər Azərbaycan Ordusu hər gün yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir. Bizim qisasımız döyüş meydanındadır…
Azərbaycan Ordusu dövlətimizin başçısının bu sözlərini döyüşlərdə qələbələrlə təsdiqləyirdi, gücü, qüdrəti, mənəvi-psixoloji hazırlığı ilə. Beləliklə, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük Zəfər qazandı. Bu müharibə Ordumuzun gücünü dünyaya nümayiş etdirdi. Biz Ordumuzla qürur duyuruq. Azərbaycan qüdrətli ölkədir və güclü ordusu var. Düşmənlərimiz bunu unutmasınlar.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev ordu quruculuğu istiqamətində onun işini yüksək səviyyədə davam etdirdi. Bir tərəfdən münaqişənin sülh yolu ilə həlli istiqamətində işlər aparılsa da, digər tərəfdən ordu quruculuğunda böyük işlər görülür, genişmiqyaslı islahatlar həyata keçirilirdi. İstər Azərbaycanda, istərsə də Türkiyədə, İranda, Rusiyada, Qazaxıstanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə iştirak edən hərbçilərimiz lazımi təcrübə qazanırdılar. Bütün bunların nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasına çıxdı və 44 günlük Vətən müharibəsində öz qüdrətini dünyaya göstərdi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularının medallarla təltif olunması dövlətimizin ordumuza və hərb sahəsinə olan diqqətinin bariz nümunəsidir.
Qəşəm HADIYEV,
YAP Masallı Rayon Təşkilatının fəalı