“Mən mənalı həyatımın düz altmış ilini xalqımın bü günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub.”
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin – hər zaman qürur hissilə xatırlayacağımız dahi şəxsiyyətin, dünyanın nadir, unikal, seçilən siyasət adamının bu sözləri bir ömrün hesabatıdır, desək yanılmarıq.
Bəli, Ulu öndər Azərbaycan xalqı və dövlətçiliyi üçün əvəzedilməz xidmətlər göstərib. O, Vətəninə sonsuz sədaqəti, düşünülmüş və gərgin, zəngin fəaliyyətilə Azərbaycanın XX əsr ictimai-siyasi, iqtisadi, mədəni həyatında yeni bir tarix yaradıb. Ötən tarixi vərəqlədikcə bu nəhəng siyasətçinin müdrikliyini bir daha hiss edir, xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi oluruq. Bu, bəşəri ideyaların ölməzliyi, azadlığın, insanlığın, ağıl və təfəkkürün, xalq məhəbbətinin yenilməzliyi tarixidir. Bu tarixi yaradan və yazan da elə özü oldu.
Ulu öndərin respublikaya böyük uzaqgörənliklə və müdrikcəsinə rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycanda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Yurdsevər ölkə rəhbərinin fəaliyyəti nəticəsində Azərbaycan keçmiş ittifaqın öz daxili iqtisadi imkanlarına və intellektual potensialına arxalanaraq özünü tam şəkildə idarə etmək iqtidarında olan iki respublikasından birinə çevrildi.
1990-cı ilin 20 Yanvar faciəsinin səhəri günü Mixail Qorbaçovun mənfur antiazərbaycan siyasətini ciddi tənqid etməsi göstərdi ki, ümummilli lider öz xalqı üçün haqqın yolunda canını qurban verməyə həmişə hazır olan böyük Azərbaycanlıdır.
Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri, ikinci hakimiyyət dövrü də bir ömrün qızıl salnaməsidir. Ümummilli lider həmin illərdə Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza müstəqil Azərbaycanı bəxş etdi.
Adı tariximizə böyük xilaskarımız kimi düşən Ümummilli Lider müharibəni səngərlərdən diplomatiya masası arxasına keçirməklə, ölkədə möhkəm ictimai-siyasi sabitliyi bərpa etmək istiqamətində ciddi tədbirlər həyata keçirdi. Ən çətin anlarda antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi. Xarici siyasətimizdə nəzərəçarpacaq dəyişikliklər baş verdi. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. Qərbə inteqrasiya yolunu tutduq...
Ulu öndərin tarixi xidmətlərindən biri də uzun illərdir, dayanıqlığını saxlayan, hakim Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Yarandığı gündən partiyaya mütəmadi axının, sıralarının genişlənməsinin kökündə məhz Heydər Əliyev ideyalarının yaşadılması ilə yeni təfəkkürün sintezi dayanır...
Heydər Əliyev dünyada sülhün və əminamanlığın tərəfdarı idi. Ölkəmizdə baş verən hadisələr, 20 Yanvar, Xocalı faciəsi, Dağlıq Qarabağ problemi, əsir torpaqlarımızın ağrı-acısı, bir milyondan artıq qaçqın və məcburi köçkün taleyi Heydər Əliyevin ömrünə müsibətli illər bəxş etsə də, dincliyini, rahatlığını əlindən alsa da o müharibənin, qan axıdılmasının tərəfdarı deyildi. O, torpaqlarımızın azğın düşməndən azad olunacağına əmin idi və bu yolda öz səylərini bir an da olsun əsirgəmirdi.
Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyev Ümummilli Liderin 2003-cü il oktyabrın 1-də xalqa tarixi müraciətində ifadə etdiyi inam və etimadı doğrultdu. Ulu Öndərin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları reallaşdırdı. 30 il işğal altında qalan torpaqlarımız azad edildi. Müzəffər Ali Baş Komandanımızın ətrafında birləşən xalqımızın və Ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsi Zəfərlə sona çatdı. Son iki əsrlik tarixin heç bir dönəmində görünməyən nadir bir hadisə baş verdi. Dövlətçilik tariximizin şərəf salnaməsi sırasına yeni əlamətdar tarixi gün - Zəfər Günü yazıldı...
Ümummilli lider Azərbaycanda gənclərin inkişafına, öz potensialını həyata keçirməsi üçün onlara şərait yaradılmasına daim diqqət yetirirdi. 1994-cü ildə Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması isə gənclərimizin dövlət quruculuğu prosesindəki iştirakına əsaslı təkan vermiş oldu. Heç kəsə sirr deyil ki, bu ənənə dahi siyasətçinin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilməkdədir...
Ulu Öndərin əbədiyyətə qovuşmasından 19 il ötsə də, onun ideyaları uğurla həyata keçirilir. İllər, əsrlər keçsə belə Azərbaycanın böyük oğlu Heydər Əliyevin parlaq şəxsiyyəti və misilsiz xidmətləri xalqımızın xatirəsində yaşayacaq.
“Mən gələcək nəsillərə çox güclü, qüdrətli, iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycan qoyub getmək istəyirəm”, - söyləyən Heydər Əliyev irsi ilə fəxr edir, ulu öndərin irsindən bəhrələnirik. Bu irs Azərbaycan və Azərbaycançılıqdır, dövlət və dövlətçilikdir.
Sabiq CAHANGİROV,
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi