Birliyimiz əbədidir

Birliyimiz əbədidir
  • Cəmiyyət

  • Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldular. 
             
    2020-ci  il  27 sentyabrda başlanan Vətən müharibəsi ilə dövlətimizin qətiyyəti, ordumuzun gücü, Ali Baş Komandanımızın əzəmətli sərkərdəliyi, xalqımızın birliyi ilə erməni işğalına son qoyuldu. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycan dövləti qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurdu.Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərini tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verirdi. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.
                       
    Azərbaycan Prezidentinin yenilməz iradəsi və qətiyyəti, xalqımızın möhtəşəm birliyi və Silahlı Qüvvələrimizin mərdanə, kişi kimi döyüşməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi və əlli milyonluq azərbaycanlıların ürəyində qubar bağlayan Qarabağ yarasına əlac tapıldı. Bu tarixi Qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq, heç vaxt unudulmayacaqdır.
                   
    Vətən müharibəsində rəşadətlə döyüşmüş, ölkəmizin ərazi bütövlüyüyü uğrunda canlarını qurban vermiş əsgər və zabitlərimiz, bütün şəhidlərimiz daim  dərin ehtiramla yad ediləcəkdir.
                   
    Böyük zəfər Qələbəsindən sonra Azərbaycanın tarixində yeni mərhələ başlanıb. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Doğma Qarabağımızda, işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Qarabağın incisi Şuşada görülən işlər hər kəsə məlumdur.Şuşada Heydər Əliyev Fondu tərəfindən dini, tarixi abidələr bərpa olunur, eləcə də müxtəlif mədəni tədbirlər keçirilir. Xarıbülbül Musiqi Festivalı, Vaqif Poeziya Günlərinin, Milli Musiqi Gününün təşkil,Beynəlxalq tədbirlərin,konfransların keçirilməsi  buna sübutdur. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa – quruculuq işlərin aparılması böyük qayıdışın qısa müddət ərzində reallaşmasına hesablanıb. İnsanlar öz doğma yurdlarına qayıtmağı, yaşayıb yaratmağı arzulayırlar və Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bu arzuları reallığa çevirməkdədir. Qarabağ tarixi Azərbaycan torpağıdır və bu torpağın sahibi yenidən o yurdalara qayıtdı. Biz bu torpaqlarda bundan sonra əbədi yaşayacağıq. Bəli  Azərbaycan tarixində yeni mərhələ, yeni səhifə açılır. Bu mərhələdə müstəqil ölkəmiz daha inamla, daha əzmlə inkişaf edəcək, beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirəcək. Qarabağın dirçəlişi ilə yeni  bir tarix yazacağıq.
     
    Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!

     


    Əntiqə Tağıyeva,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

    PAYLAŞ:

    Oxşar xəbərlər