2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. Noyabrın 8-də Şuşanın düşməndən geri alınması ilə Vətən müharibəsində Qələbənin tarixi oldu. Noyabrın 10-da Ermənistan məğlubiyyət aktına imza atdı. Ay yarım gedən fasiləsiz döyüşlər zamanı uzunmüddətli istehkamlar sistemi yarıldı, düşmən ordusu isə tamamilə darmadağın edildi. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. 8 Noyabr-Zəfər Günü” 44 gün davam edən və işğal altındakı torpaqlarımızın azad edilməsi ilə nəticələnən” Vətən Müharibə “si kimi tariximizə qızıl hərflərlə yazılan,mənfur düşməni diz çökdürərək Qalibiyyət bayrağının ucaldığı gündür ! 30ilin həsrətinə son qoyuldu, xalqımızın qüruru , şərəfi daha da yüksəkliklərə qalxdı.
Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna, noyabrın 25-də isə Kəlbəcər rayonuna daxil oldu. Birgə Bəyanata əsasən, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil verildi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Ölkəmizin hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bu, tarixi Zəfərdir və 44 günlük Vətən müharibəsinin doğurduğu reallıqdır. 44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq, heç vaxt unudulmayacaq ən parlaq səhifə kimi öz əksini tapacaq.
Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərdi. Ordumuzun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu hərbi əməliyyatlar apararaq 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi, düşmənin məğlub olaraq qarşımızda diz çökməsi və təslim olması xalqımızın tarixi missiyasını uğurla yerinə yetirdiyini göstərdi. Digər tərəfdən, Vətən müharibəsi Azərbaycan Ordusunda sağlam mənəvi-psixoloji durumun, ruh yüksəkliyinin, özünəinam və güclü vətənpərvərlik hissinin hökm sürdüyünü təsdiqlədi. Eyni zamanda, Azərbaycan xalqının qüdrəti, dövlətinin ordusuna qətiyyətli və birmənalı dəstək verməsi şanlı tarixi qələbəmizin əldə olunmasında müstəsna rol oynadı. Böyük fəxrlə deyə bilərik ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir vətənpərvər azərbaycanlı özünü Ali Baş Komandanımızın əsgəri, vətənin müdafiəçisi kimi görür, dövlətə və ordumuza prinsipial dəstək verir. Bütün bunlar isə haqq mübarizəsi aparan Azərbaycanın qüdrətini artırır. Prezident İlham Əliyev çıxışlarının birində deyib: "Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl guşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir".
İlham Ağayev,
Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbinin direktoru