Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən görüş bir çox baxımdan mühüm tarixi-siyasi əhəmiyyətə malikdir. Bu görüş və onun nəticələri Azərbaycan diplomatiyasının və şəxsən Prezident İlham Əliyevin tarixi qələbəsi hesab edilə bilər. Çünki bu hadisə son 30 ildə yeganə faktdır ki, Azərbaycan tərəfi özünün bütün şərtlərini Ermənistana qəbul etdirməyi bacarıb. Daha doğrusu, rəsmi İrəvanı məcbur edib ki, Azərbaycanın şərtlərini qəbul etsin, bu şərtlərlə razılaşsın.
Bu baxımdan, Praqa görüşü Azərbaycanın diplomatik müstəvidə böyük zəfəridir və bu zəfər dövlətimizin hərbi platformada olduğu kimi, siyasi platformada da güc sahibi olduğunu göstərir. Görüşdə Paşinyan Praqada Azərbaycanın irəli sürdüyü bir sıra şərtləri qəbul etdiyini, dövlətimizin ərazi bütövlüyünü tanıdığını bildirsə də, bəzi məsələlərlə bağlı yenə də susqunluq sərgilədi, qeyri-müəyyən davranış ortaya qoydu. Bunlardan biri Naxçıvana avtomobil yolu üçün marşrutun verilməsi məsələsi ilə bağlı oldu. Paşinyanın bu məsələdəki susqunluğu Ermənistan üçün xilas yolu deyil və inanırıq ki, rəsmi İrəvan gec-tez bu məsələyə də aydınlıq gətirməyə, Azərbaycanın şərtini qəbul etməyə məcbur olacaq.
Biz son 30 il ərzində beynəlxalq təşkilatların, dünyanın qabaqcıl dövlətlərinin Ermənistanın işğal və təcavüzkarlıq siyasətini laqeydliklə seyr etdiyinə şahdi olduq. Heç bir beynəlxalq təşkilat, dünyanın aparıcı dövləti işğalçılıq siyasətindən əl çəkməsi üçün Ermənistana təzyiq göstərmədi. Məhz buna görə də 30 ildən sonra – 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan bu problemi hərbi yolla həll etmək məcburiyyəti qarşısında qaldı. Azərbaycan əsgəri dünya dövlətlərinin, beynəlxalq təşkilatların 30 ildə həll edə bilmədiyi, daha doğrusu, həll etmək istəmədiyi problemi cəmi 44 gün içərisində həll etdi. Qardaş Türkiyə dövləti həm 44 günlük Vətən müharibəsində, həm də post-müharibə dönəmində Azərbaycana mənəvi-diplomatik baxımdan böyük dəstək verdi və bu gün də verməkdədir.
Azərbaycanın növbəti diplomatik qələbəsi ilə nəticələnən bu görüşdə Fransa Prezidentinin iştirakı özündə bütün məqamları əks etdirir. Müharibədən sonrakı dövrün rellıqlarına nəzər salsaq görərik ki, bu günün əsas müzakirə mövzusu regionda dayanıqlı sülhün və təhlqkəsizliyin təmin olunması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında yeni mərhələnin başlanması üçün əsas şərt sülh müqaviləsinin imzalanmasıdır. Bu gün Fransanın tərəf kimi Azərbaycanın təklif etdiyi sülh prinsiplərinin qəbul edib həyata keçirilməsi üçün aparılan danışıqlarda iştirak etməsi bu istiqamətdə çox böyük irəlləyişdir. Bu əlbətdə Prezident İlham Əliyevin uğurlu siyasətinin, qətiyyətinin nəticəsidir. Dünya gücləri artıq Azərbaycanın əldə etdiyi tarixi Qələbənin yaratdığı reallıqları qəbul edir və faliyyətlərini bu istiqamətdə qurmaq istəklərini nümayiş etdirirlər.
Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda ölkəmizin maraqlarını təmin edən birgə bəyanat qəbul edilib. Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olundu.
5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində qarşısı alındı.
Bütün bunlar Azərbaycan cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsi, Azərbaycan diplomatiyasının növbəti qələbəsi kimi dəyərləndirilir.
Aytən Şükürova,
Masallı rayonu Dəmirçi kənd ümumi orta məktəbinin direktoru