Oktyabrın 08-i saat 18 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində 2 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Ağdam rayon prokurorluğundan LEQAL.AZ-a verilən xəbərə görə, ilkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan 1986-cı il təvəllüdlü Pərviz Nəcəfov və 1989-cu il təvəllüdlü Ramin Əliyevin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilmişdir.
Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, bu gün Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.
Hadisə nəticəsində 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu və 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu xəsarət alıb.
Hər iki xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin hər ikisinin bir ayağı diz nahiyesindən amputasiya edilib.
"Bir daha vətəndaşları müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa, məsuliyyətli və diqqətli davranaq təhlükəli ərazilərə daxil olmamağa çağırırıq", - məlumatda deyilir.
Qeyd edək ki, hər iki şəxs yol tikintisi aparan şirkətin əməkdaşlarıdır.