Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilməyib.
Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir.
Prezidentin Sərəncamında deyildiyi kimi, xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalq müraciətində bu barədə deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. Mehriban xanım Əliyeva şəhidlərimizə hörmət və ehtiramını belə ifadə edib: “Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir.
Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq”.
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra Vətən müharibəsinin başladığı günü "Anım Günü" kimi qeyd etmək barədə sərəncam vermişdir. 2020-ci il dekabrın 2-də İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır.
Sərəncamda qeyd olunur ki, "Dövlət Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram: Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir.
Ülvi Rufullayev,
Binə Xocavar.