Çəkdiyi fotolarıyla seçilən azərbaycanlı fotojurnalist Valeh Arifoğlunun 20 Yanvar günündə Şəhidlər Xiyabanında çəkdiyi şəkillərdən biri müzakirələrə səbəb olub. Çovğunda şəhidləri ziyarət edən qazinin bir qolunun olub-olmaması sual yaradıb.
"Leqal" Big.az-a istinadən xəbər verir ki, məsələyə aydınlıq gətirən fotoqrafın özü şəxsi "Facebook" səhifəsində paylaşım edərərk həmin qazinin onunla əlaqə saxladığını və qolunun əslində yaralı olduğunu açıqladığını bildirib:
"Ötən gün Şəhidlər Xiyabanını ziyarət edən qazimiz Rzayev Ruslanın fotosunu sosial şəbəkələrdə bir çox səhifələr paylaşdı. Lakin qazi ilə bağlı məlumatda yanlışlığa yol vermişəm.
Ruslan Rzayev müharibədə qolundan və kürəyindən ağır xəsarət aldığı üçün (qol sinirləri zədələndiyindən) qol asqısı ilə qolunu bədəninə bağladığından məndə onun qolunun olmaması təsəvvürü yarandı.
Qazimiz mənimlə əlaqə saxlayaraq məsələni izah etdi. O, bu halın bir çox şəxs tərəfindən qolunun olmaması kimi anlaşıldığını və bundan narahat olduğunu bildirdi.
Qeyd edim ki, qazimiz "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub".