Bu gün qanlı 20 Yanvar faciəsindən 32 il ötür

Bu gün qanlı 20 Yanvar faciəsindən 32 il ötür
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür.

    “Leqal”ın xəbərinə görə, Qanlı Yanvar hadisələrindən 32 il ötür.

    Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

    Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi.

    Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994 cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

    Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.

    Qeyd edəki ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. 

    Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20
    Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

    Bu il xalqımız 20 Yanvar şəhidlərinin ruhunu qalib xalq kimi anır. 

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    PAYLAŞ:

    Oxşar xəbərlər