Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər müsahibəsi bir hadisədir. Dövlət rəhbərimizin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibə də toxunduğu mövzularla, səsləndirilən fikirlərlə böyük bir tarixə çevrildi.
Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə bir çox məqamlara aydınlıq gətirdi və Azərbaycanın prioritet sahələrdə qazandığı uğurlar haqqında müfəssəl məlumat verdi. Bu çıxış gələcək hədəflərin müəyyən olunması baxımından böyük önəm kəsb edir.
Prezident İlham Əliyev əsasən, 2021-ci ildə ölkəmizdə iqtisadi, sosial sahələrdə görülən tədbirlər, Azərbaycanla Ermənistan arasındakı münasibətlər, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, ölkəmizin xarici siyasəti və digər məsələlərə dair sualları əhatəli şəkildə cavablandırdı.
Azərbaycan Prezidenti onu da vurğuladı ki, aparılan siyasətin təməlində insan amili olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir. Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket iqtisadi islahatların uğurla həyata keçirilməsinə imkan verir. Azərbaycanda çox geniş sosial layihələr həyata keçirilir. Bütövlükdə sözügedən artımlar 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır. Müntəzəm olaraq maaşlar qaldırılır. Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verir ki, iqtisadi islahatlar uğurla həyata keçirilsin. Azərbaycan Prezidenti Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra hazırda işğaldan azad yurdlarımızda aparılan bərpa-quruculuq işləri barədə də geniş məlumat verdi. Qeyd etdi ki, müharibədən çıxmış ölkələrin təcrübəsinə nəzər saldıqda Azərbaycanın apardığı bu tədbirlər ən genişmiqyaslı proqramdır. Bu proqramın əsas özəlliyi isə ondadır ki, Azərbaycan heç kimdən yardım istəmədən və almadan öz vəsaiti hesabına bərpa-quruculuq işlərini həyata keçirir. Ərazi minalardan təmizlənir, infrastruktur qurulur, o cümlədən elektrik xətləri, yollar çəkilir. Bütün bunlar ən çətin relyef xüsusiyyətlərinə malik ərazilərdə də uğurla aparılır. Baş planı hazır olan şəhərlərin - Şuşa və Ağdamın minalardan təmizlənməsi prosesi xüsusilə sürətli gedir. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı da müvafiq şirkətlərlə sazişlər imzalanıb. “Biz istəyirik ki, hər şey əsaslı olsun. Həm tez edək, eyni zamanda tələskənliyə yol verməyək. Çünki hər şey əsaslı olmalıdır və ora qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin edilməlidir”.
Azərbaycan Prezidenti bu müsahibəsi ilə bugünkü nailiyyətlərimizdən başlanan xoş bir parlaq gələcəyimizi göstərdi, hər kəsin hüzur içində, qarşılıqlı hörmət ruhunda yaşayacağı parlaq gələcəyimizi. Bu yeniliklərlə Azərbaycan özünü növbəti inkişaf mərhələlərinə hazırlayır. Zamanla birgə özü də dəyişib inkişaf edir. Milli hədəflərimizə doğru böyük uğurlarla yolumuza davam edirik.
Yaşasın Ali Baş Komandanımız! Allah qorusun Prezidentimizi.
Əntiqə Tağıyeva,
Masallı Tarix Diyarşünaslıq muzeyinin direktoru