Milli Məclisin yaz sessiyası öz işinə başlayır, daha səhih ifadə etsək, fevralın 1-də yaz sessiyasının ilk iclası keçiriləcək.
Bəzi deputatların çıxışı kimi yorucu çıxmasın, amma xatırladım ki, prosedur qaydalarına əsasən, yaz sessiyası mayın 31-dək davam edir.
Nə isə, bu yazıda parlament iclaslarına münasibətinə görə deputatları xarakterizə etmək istəyirəm.
Deputatların heç də hamısı inadkar işgüzarlıq nümayiş etdirən kateqoriyaya aid deyillər, belələri üçün parlament iclasları yalnız və yalnız formal xarakter daşıyır.
Onları da iki qrupa bölmək olar: İclasa zülmlə gələnlər, iclasa həvəslə gəlib iclas bitməmiş parlamenti tərk etmək istəyənlər.
Düzü, dəqiq məlumatımız da yoxdur ki, kimlər iclasa gəlmir, amma yəqin ki, belə deputatlarımız var və onlar da öz passiv mövqelərinin mövcudiyyətlərini qoruyub saxlayırlar.
Bir qisim deputatın işi isə lap zülmdür, iclasa çox həvəssiz gəlirlər, sanki zorla iclas zalına daxil olurlar, “bu iclas bitsəydi, çıxıb gedərdik” deyir.
Hə, baxın, belələri iclas zamanı da “dinc” dayanmır, iclas gedə-gedə heç bir zərurət olmadığı halda gah çölə çıxır, gah da telefonunda nələrsə axtarır.
Bu halları özündə əks etdirən iradları biz parlament iclaslarında da görmüşük, bir neçə dəfə deputatlara iclas zalını tərk etdiklərinə və telefonla “oynadıqlarına” görə irad bildirilib.
Çifayda, bəzi millət vəkillərimiz (qanunlarımızda bu ifadə yoxdur, sadəcə sinonim kimi istifadə edirik - red.) heç də dərs çıxarmır.
İndi deyəcəklər ki, ad çək, çəkməyəcəyəm, axı bir-bir izləmirəm ki, kimlər çıxır, kimlər iclas zalından çıxmağa can atır, sadəcə iradlar səslənir deyə, bunu qeyd edirik.
Bir qisim deputata isə fərqi yoxdur, iclas saat 5-ə qədər davam etdiyi zamanlarda da kreslosuna bərk oturur və çıxışa can atır. Səhv anlamayın, “qaçmaq” mənasındakı çıxışa yox, çıxış etməyə. Bunların da adını qeyd etməyəcəyəm, çünki təbliğat kimi görünər.
Deyirəm ayda dördrəqəmli yüksək məbləğdə məvacib alasan, dövlət ezam xərclərini də qarşılaya, dövlətdən bu qədər imtiyaz qazanasan, amma bir iclasda oturmağa çətinlik çəkəsən.
Nə deyək, hörmətli deputatlarımız, heç nə istəmirik, tələb də qoymuruq, bu, bizim ixtiyar və səlahiyyətimizdə deyil. Ancaq necə deyərlər, ictimai nəzarətin bir qolu olan media nümayəndəsi kimi bunları qeyd etmək istədim.
Müəllif: Aqşin Kərimov