Gənc heykəltəraş Müstəqil Balayev Vətən müharibəsi mövzusuna tez- tez müraciət edir.
"Leqal" xəbər verir ki, heykəltaraş Müstəqil Balayev Vətən müharibəsinin şəhidi baş leytenant Səid Rəşidzadənin xatirəsini əbədiləşdirmək üçün onun büstünü hazırlayıb.
Qeyd edək ki, Səid Nofəl oğlu Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 1996-2007-ci illərdə Nərimanov rayonu S.Yolçuyev adına 207 saylı tam orta məktəbdə oxuyub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb, 2011-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edib. Səid Rəşidzadə 2016-cı il Aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun rəhbərliyi altında döyüşüb. O, bir neçə il əvvəl ordu sıralarından tərxis olunsa da, 2020-ci il sentyabrın 27-də könüllü olaraq döyüşlərə yollanıb. 2020-ci il oktyabrın 11-də Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan baş leytenant Səid Rəşidzadə Füzuli rayonunun Babı kəndində dəfn edilib. Səid Rəşidzadə göstərdiyi qəhrəmanlığa görə, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Xatırladaq ki, Müstəqil Balayev Masallı rayonunun Qasımlı kəndindən olan heykəltəraş İlqar Balayevin oğludur.
Qəlbində daim Vətən məhəbbətini yaşadan və bu hissi hər şeydən üstün tutan gənc heykəltəraşa yaradıcılıq uğurları arzulayırıq.
Allah bütün şəhidlərimizi rəhmət eləsin!