Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 26 il ötür.
Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.
Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
1995-ci ilin mayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi.
Azərbaycan Respublikasının Konstitusiya Günü bu il daha fərqli əhval-ruhiyyədə qeyd olunur. Çünki ötən il Müzəffər Azərbaycan Ordusu döyüş meydanında tarix yazaraq öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan xalqı dövlət başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşərək tarixi ədalətsizliyə son qoyub. Odur ki, bu il Azərbaycan xalqı üçün hər bir özəl günün anlamı ikiqat dəyər daşıyır. Konstitusiya Günümüz bu il uzun müddətdən sonra ərazi bütövlüyünü bərpa etmiş ölkəmizin hər bir yerində böyük qürur və iftixar hissi ilə qeyd olunacaq.
LEQAL.AZ