London şəhərindəki “Chelsea Old Town Hall” bələdiyyə binasında 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Voices of Peace” (“Sülhün səsləri”) adlı təntənəli qala-konsert keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Britaniya-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan konsertdə ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin diplomatları, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Konsert Xalq artisti Fidan Hacıyevanın ifasında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov, irlandiyalı siyasi şərhçi Patrik Uolş möhtəşəm bayram münasibətilə xalqımızı və dünya azərbaycanlılarını təbrik ediblər.
Konsert proqramında Birləşmiş Krallıqda yaşayan azərbaycanlı müğənnilər Emiliya Yaqubova, Gülşən İbadova və türkiyəli müğənni Oya Ergün, musiqiçilər Günel Mirzəyeva (piano), bəstəkar Arzu Abbasova (piano), Nəzrin Rəşidova (violin) “Odlar Yurdu” ansamblının rəhbəri Rasim Fərziyev (violin), Səadət Fərziyeva (piano), Ülkər Məmmədova (kamança), Camal Əliyev (cello) və digərləri iştirak ediblər.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Britaniyada fəaliyyət göstərən musiqiçi Emin Məcnunbəyovun təşkilatçılığı ilə ərsəyə gəlmiş videoklipin ilkin versiyası nümayiş etdirilib. Zəfər Gününə həsr olunmuş klipdə “Qarabağ şikəstəsi” ilə “Queen” rok qrupunun “We Will Rock You” mahnısının sintezindən ibarət musiqi parçası səsləndirilib.
Təntənəli gecə Fidan Hacıyevanın ifasında “Yaşa, Azərbaycan!” mahnısının səsləndirilməsi ilə başa çatıb.