Sən həmişə bizimləsən

Sən həmişə bizimləsən
  • Cəmiyyət

  • Onun haqqında yazmağa başlayanda aramızda olmadığını düşünərkən ilk dəfə qələm əlimdə titrədi, inanmadım ki, o, artıq həyatda yoxdur. İnsan var ki, ömür boyu həyata niyə gəldi, niyə getdi bilinmir, insan da var pərvanə kimi el üçün, doğmaları və dostları üçün yanır, qarsılır. Belə şəxsiyyətlər haqqında danışmaq istəyəndə ona layiq sözləri diqqətlə seçir, ən mötəbər sözləri belə deməkdən çəkinmirsən. Bilirsən ki, deyilən sözlər ona layiqdir, verilən qiymət ona ana südü kimi halaldır. Bu kimi şəxsiyyətlər heç vaxt unudulmur. Onların nəcib xüsusiyyətləri, cəmiyyətdəki yeri və rolu haqqında bugünkü gənc nəslin məlumatlandırılması çox vacibdir. Onlardan biri də mənalı həyat yolu keçən Şirvan Rəşid oğlu Əbilovdur. Onun haqqında yuxarıdakıları yazmaqda məqsədim sadə, səmimi, qayğıkeş, mərd, cəsur bir insan olan Şirvan qardaşımızı itirdiyimizə görə, özümə və onun doğmalarına təsəlli verməkdir.

    Böyük mütəfəkkir Cəlaləddin Ruminin qiymətli bir kəlamı vardır: “Biz öləndə məzarlarımızı torpaqlarda deyil, aqil insanların qəlbində axtarın”. Doğrudan da Şirvanın xatirəsi onun doğmalarının, dostlarının ürəyində həkk olunmuşdur. Onun adi həyat yaşamasına baxmayaraq, bir sıra vəzifə sahiblərinin həsəd apardığı əməlləri çox olmuşdur.

    O, 1932-ci ilin sentyabrın 10-da Masallı rayonunun Mahmudavar kəndində anadan olmuşdur. 1951-ci ildə Masallı rayonunun Boradigah orta məktəbini bitirib sənədlərini indiki Gəncə Dövlət Aqrar Akademiyasının aqronom ipəkçilik fakültəsinə verərək tələbə adını qazanır. Təhsilini bitirdikdən sonra, Masallı rayonu M.F.Axundov adına sovxozda baş aqronom, Kənd Təsərrüfatı Nazirliyinin 27 nömrəli Ekspedisiyasının rəisi, 1963-cü ildən Masallı rayon partiya komitəsində təlimatçı, komissiya sədri vəzifələrində çalışır. 1969-cu ilin aprelindən Azərbaycan KP MK-nın qərarı ilə Masallı rayon Daxili işlər şöbəsində siyasi işlər üzrə rəis müavini işləyir. O dövrdə Bakı Polis Akademiyasını bitirir. 1978-ci ilin dekabrından 1988-ci ilə kimi Cəlilabad rayonunda pasport şöbəsinin xidməti üzrə bölmə rəisi işləyir.

    Təqaüddən sonra, doğma kəndindəki Füzuli adına sovxoza direktor vəzifəsinə təyin edilir. Bu vəzifədə çalışarkən kənddə min nömrəli telefon stansiyası, 17 otaqdan ibarət inzibati bina, möhtəşəm görkəmli məscidin tikilməsinə, 5 kilometrlik kənd yolunun asfaltlaşdırılmasına, kəndin tamamən qazlaşdırılmasına və s. nail olur. Sovxoz görkəmli iqtisadi nailiyyətlərinə görə, o dövrün ən yüksək mükafatı olan keçmiş SSRİ-nin keçici bayrağına layiq görülür.

    Göründüyü kimi, onun iş fəaliyyəti rayon səviyyəsində olmuşdur, lakin ürəyi həmişə böyük arzularla vurmuşdur. İnsanın kamillik zirvəsinə ucalması üçün haqqa, ədalətə sadiqlik, əqidədə dönməzlik əsas şərtdir. Bu sözlər sanki böyük bir elin-mahalın ağsaqqalı, öz fədakar və xeyirxah əməlləri ilə ehtiram qazanmış Şirvan Əbilov haqqında deyilib.

    1990-cı illərin əvvəllərində Azərbaycan böhranlı vəziyyətə düşəndə, dövlətçilik məhv olmaq həddinə çatanda xalqın əksəriyyəti kimi Şirvanın da nəzərləri Naxçıvana, orada yaşayan görkəmli dövlət xadimi Heydər Əliyevə dikilmişdi. Bütün bölgələrdə olduğu kimi, cənubda da insanlar ümidlərini dahi Heydər Əliyevin hakimiyyətə qayıdacağına, Azərbaycanı fəlakətlərdən qurtaracağına bağlamışdılar. Artıq respublikada görkəmli ziyalılardan M.Ələskərov, F.Maqsudov, Ə.Nağıyev, E.İbrahimov, Ş.Əskərov, A.Rəhimzadə və bir çox başqaları ilə güclü əlaqədə olan bölgə ağsaqqalı Ş.Əbilov o çətin dövrlərdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi.

    Çətin dövrlər idi. Azərbaycanı parçalamaq, vətəndaş qarşıdurmaları yaratmaqda maraqlı olan qüvvələr qara bulud kimi dolaşmaqda idi. Xalqın yeganə ümidi xilaskar oğlu Heydər Əliyev idi.

    Şirvanın bir arzusu vardı: Heydər Əliyevin Azərbaycana qayıtması və onunla görüşmək arzusu. O, Cənub zonasında böyük fəaliyyətə başladı, ətrafında sağlam fikirli adamları topladı, Naxçıvana teleqramlar göndərir, Ulu öndəri Bakıya qayıtmağa dəvət edirdilər.

    19 noyabr 1992-ci il Şirvanın həyatında ən unudulmaz gün olmuşdur və həmişə o günü xatırlayanda həyəcan keçirirdi. O günləri xatırlayaraq, Şirvan bizə maraqla ulu öndərlə görüşündən belə danışardı: “Naxçıvana gəldiyimin səhəri günü Eldar İbrahimov məni Heydər Əliyevlə görüşdürmək üçün Ali Məclisin binasına apardı. Ali Məclisin indiki sədri Vasif Talıbov o vaxtlar Heydər Əliyevin köməkçisi vəzifəsində idi. O, məni çox səmimi qarşıladı, qəbula çox adamın gəldiyini nəzərə alıb məni Heydər Əliyevin kabinetinə apardı. Bərk həyəcan keçirirdim. Heydər Əliyevin mənimlə səmimi söhbəti həyəcanımı aradan qaldırdı. Masallıda sovxoz direktoru işlədiyimi deyəndə narahat oldu - sən bu vəzifənin sahibisən, Naxçıvana gəlib mənimlə görüşdüyünə görə səni dolaşdırıb həbs edə biləcəklərindən qorxmursan? - dedi.

    Haqq-ədalət axırda öz yerini tapar- dedim.

    Naxçıvana gəlib onunla görüşməyimin səbəbini soruşanda dedim: -Mənim Naxçıvana gəlişimin, sizinlə görüşümün əsas səbəbi sizə olan böyük inamdır. İkincisi də, mən Masallı camaatının, bütün Cənub bölgəsi əhalisinin xahişini sizə çatdırmaq üçün bura gəlmişəm. Biz xahiş edirik ki, siz hakimiyyətə gələsiniz, Azərbaycanı bu ağır bəlalardan xilas edəsiniz...

    Heydər Əliyev xoş bir tərzdə sözümü kəsdi: -Yaxşı, görürəm ürəyin doludur, sabah partiyanın təsis konfransı keçiriləcək, orada söz verərik, danışarsınız...

    Şirvan Əbilov deyir ki, ertəsi gün Yeni Azərbaycan Partiyasının təsis konfransında çıxışa yazılanların çoxluğunu görəndə düşündüm ki, mənə növbə çatmayacaq. Bir neçə çıxışdan sonra Heydər Əliyev siyahını göstərib dedi: - Çox adam danışmaq istəyir, buna vaxt çatmaz, gəlin Masallı rayonundan gəlmiş Şirvan Əbilovu dinləyək.

    - Zala göz gəzdirib üzümü Heydər Əliyevə tutub dedim: - Heydər müəllim, inanın mənə, bizim Masallı rayonunun, bütün Cənub bölgəsinin əhalisi sizi çox istəyir. Buna görə də sizin Bakıya, hakimiyyətə qayıdışınızı səbirsizliklə gözləyirik.

    Heydər Əliyev gülümsünüb “çox sağ olun!” deyəndə zaldakılar ayağa qalxıb xeyli alqışladılar. Mən Heydər Əliyevin hakimiyyətə qayıdışını, Yeni Azərbaycan Partiyasının yaradılmasını və bu təşkilata onun sədrlik etməsini zamanın diktəsi, xalqın istək və tələbi olduğunu çıxışım boyu izah edib zaldakıların alqışları altında yerimə keçdim.

    - Heydər Əliyevin təklifi ilə mən yeni yaradılmış partiyanın Siyasi Şurasının üzvü seçildim, bundan böyük qürur hissi duyaraq Masallıya qayıtdım.

    Şirvan Əbilov Masallıya həqiqətən, Heydər Əliyev ideyaları ilə daha möhkən silahlanmış vəziyyətdə gəlir. Partiyanın təsis konfransındakı çıxışında vəd etdiyi kimi, YAP-ın rayon təşkilatını yaradır, məsləki, əqidəsi təmiz insanları təşkilata cəlb edir. Partiyaya qəbul məsələsində Şirvan Əbilov həmişə ulu öndərin Naxçıvanda dediyi fikirləri əsas götürürdü: “Yeni Azərbaycan Partiyasının üzvü olmaq millətə xidmət etmək, Azərbaycana xidmət etmək deməkdir. Ona görə də bu partiyaya əqidəcə saf adamlar qəbul edilməli, partiya məhz bu cür əqidəli insanlarla böyüməli, inkişaf etməlidir.”

    Şirvan Əbilov Azərbaycanın xilaskarı və qurucusu Heydər Əliyevin başqa bir fikrini – YAP-ın yaradılmasında böyük xidmətləri olmuş şəxsləri, xüsusilə veteranları “partiyanın qızıl fondu” adlandırdığını xatırlayır, ulu öndərin sözlərini misal gətirirdi: “Siz fırtınalardan çıxmış adamlarsınız. İndi sizin borcunuz, ən müqəddəs vəzifəniz öz biliyinizi, təcrübənizi, partiyaya sədaqətinizi gənclərə çatdırmaqdır, onlara öz istedadlarını göstərmək üçün imkan verməkdir. Mən bunu partiyanın qarşısında əsas vəzifə kimi qoyuram”.

    Şirvan Əbilovun ayrı-ayrı vaxtlarda Ulu öndərlə altı dəfə görüşü olmuşdur. Heydər Əliyev üçün Azərbaycanın hər parça torpağı müqəddəs idi. Biz həmin fikirləri onun dilindən həmişə eşitmişik. Cənub bölgəsinə gəlişinin, insanlarla görüşlərinin heç vaxt yaddan çıxmadığını deyən Əbilov şəxsi arxivində əvəzsiz xatirə kimi qoruyub saxladığı şəkillərə baxmaqdan rahatlıq tapdığını bildirirdi.

    O, işğal altında olan torpaqlarımızın ölkə başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad ediləcəyinə, didərgin düşən insanların doğma yurd-yuvalarına qayıdacaqlarına böyük inam ifadə edərək üzərinə düşən bütün işlərdə fəal olacağına əminliyini ifadə edirdi”.

    Şirvan o çətin vaxtlarda ulu öndər Heydər Əliyevi Cənub zonasından ziyarətə gedən yegənə şəxsiyyət idi. Həmin dövrdə Naxçıvana gedən mərd və cəsur insanları Ulu öndərin layiqli

    davamçısı, müzəffər Ali Baş Komandanı, Azərbaycan Prezidenti cənab İlham Əliyev belə qiymətləndirmişdir: “O vaxt, 1992-ci ilin noyabrın 21-də Naxçıvanda yığılmış insanlar əsl vətənpərvər insanlar, cəsarətli insanlar idi. Çünki o vaxt Azərbaycanda azad söz boğulurdu, Azərbaycanda senzura tətbiq edilirdi. Başqa fikirdə olan insanlar təqib edilirdi. Onlara qarşı fiziki təzyiqlər göstərilirdi, həbs olunurdular. Sərbəst toplaşmaq azadlığı qadağan edilmişdir. O ağır şəraitdə Naxçıvana gəlmək, Heydər Əliyevlə görüşmək belə, böyük qəhrəmanlıq hesab olunurdu. Ancaq bu insanlar, bu cəsarətli və vətənpərvər insanlar öz hərəkətləri ilə, əlbəttə ki, Yeni Azərbaycan Partiyasının yaradılmasında öz rolunu oynamışlar və bütövlükdə, Azərbaycanın o bəlalardan qurtulmasında və ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsində fəal rol oynamışlar. Biz bunları unutmamalıyıq. O insanların fəaliyyətini yüksək qiymətləndirməliyik və bu gün bu, belədir”.

    Cənab İlham Əliyev Masallı rayonuna səfər edərkən həmişə Şirvan Əbilovu yanına dəvət edər və onunla mehribancasına görüşərdi. Şirvanın əməyini yüksək qiymətləndirərək ona 7 sentyabr 2007-ci il tarixində Prezidentin xüsusi fərdi təqaüdünü təyin etmiş, onu “Əməkdə fərqləndiyinə görə” medalı ilə təltif etmişdir. Həmin vaxtda Şirvan Əbilov Prezident İlham Əliyevə ürək sözlərini belə ifadə edirdi: “Möhtərəm Prezident! 2007-ci il 7 sentyabr tarixli Sərəncamınızla mənə Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdünü təyin etməyiniz bu ahıl yaşımda məni çox sevindirdi.

    Mənim və məmin kimi ağsaqqalların kiçik əməyini ölkəmizin ən ali mükafatlarından biri ilə qiymətləndirməyiniz Sizin nə qədər diqqətli, qayğıkeş və alicənab olmağınıza bir daha parlaq sübutdür.

    Möhtərəm Prezident!

    Mən sadəcə fəxr etmək yox, eyni zamanda ömrümün sonuna qədər böyük və əziz Heydər Əliyev dühasının işığından nur alaraq, doğma Azərbaycanımızın çiçəklənməsi uğrunda apardığınız nəhəng işlərin həyata keçirilməsi üçün Sizin səsinizə səs verəcək və əlimdən gələni əsirgəməyəcəyəm.

    Siz özünüzü büsbütün Azərbaycan dövlətinə və Azərbaycan xalqına xidmətə həsr etdiyinizə görə bizim əbədi prezidentimizsiniz.

    Zərrə qədər belə şübhə yoxdur ki, xalqımız Sizi 2008-ci ildə özünə yenidən lider seçəcək və Sizinlə olacaqdır. Əmin ola bilərsiniz ki, bütün Azərbaycan xalqı kimi, mənim yaşadığım el, oba sakinləri də unudulmaz Heydər Əliyevin yadigarını həmişə qoruyacaq və onun əmanətinə xəyanət etməyəcəklər. Sizə bir daha Azərbaycanın və xalqımızın rifahı naminə uzun ömür, can sağlığı, xoşbəxtlik və səadət arzu edirəm”.

    Şirvan Əbilov çox xeyirxah, qayğıkeş, hamıya əlindən gələn köməkliyi əsirgəməyən bir el ağsaqqalı idi, rayonda, kəndində kim ona müraciət edirdisə, ona köməklik göstərməyi özünə borc bilərdi. Hətta tanımadığı bir şəxsin problemlərini həll etmək üçün müxtəlif idarələrin rəhbərlərindən xahişlər edərdi.

    Şirvan bu gün həyatda yoxsa da, əziz xatirəsi onu tanıyanların, doğmalarının qəlbində həmişə yaşayır. Onun ölümündən bir il vaxt keçmişdir. Neçə il keçsə də, o, hər zaman bizimlədir. Allah ona rəhmət eləsin!

     

    İmran ƏBİLOV,
    Əməkdar kənd təsərrüfatı işçisi.
    PAYLAŞ:

    Oxşar xəbərlər