Ermənistanın cinayətləri

Ermənistanın cinayətləri
  • Cəmiyyət

  • Tarix boyu əzəli Azərbaycan torpaqlarını yiyələnməyə çalışan , öz mənfur və saxta niyyətlərini həyata keçirmək ümidilə yaşayan ermənilər zaman-zaman bu istəklərini reallaşdırmaq üçün fürsət qazanmışlar.

    XX əsrin sonlarında da SSRİ-nin çökməsi, yeni münaqişə ocaqlarının yaranması “Böyük Ermənistan” xülyası ilə çırpınan ermənilərin aktivləşməsinə şərait yaradırdı. Keçən əsrin 90-cı illərində şovinist, antoqonist münasibət yeridən ermənilərin ermənilərin Azərbaycanlılara qarşı terroru daha da şiddətlənib.

    Xocalı faciəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutdu, əsrin ən dəhşətli soyqırımlarından biri törədildi. Bu qırğın nəticəsində 613 nəfər həlak olub, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri qocalar idi. 8 ailə tamamilə qətlə yetirilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər yaralanıb ki, onlardan 76 nəfəri uşaq idi.

    Faciə zamanı 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb. 44 günlük Vətən müharibəsində də ermənilər bu iyrənc əməllərini davam etdirdilər. Məğlubiyyətə düçar olan, döyüşdən qaçmasın deyə səngərlərdə öz əsgərinin ayağını zəncirləyən Ermənistan rəhbərliyi milli birliyimizə xələl gətirmək, əhali arasında çaxnaşma yaratmaq, qələbə əzmimizi sındırmaq məqsədilə yenə günahsız insanlarımızı hədəf aldı.

    Düşmənə qarşı əks-hücum əməliyyatının başladığı 27 sentyabr tarixində ilk olaraq Naftalan şəhəri düşmən tərəfindən atəşə tutuldu. Ermənistanın silahlı qüvvələrinin yaşayış məntəqələrimizə atdığı mərmi nəticəsində Naftalan sakinləri - bir ailənin 5 üzvü dünyasını dəyişdi. Tərtər İkinci Qarabağ müharibəsində ən çox dağıntıya məruz qalan bölgəmiz oldu. Ermənilərin bir xəyal şəhərciyinə çevirməyə çalışdığı Tərtər mübarizliyin, cəsarətin, yenilməzliyin simvoluna çevrilmişdi.

    Tərtər rayonundakı şəhər, qəsəbə və kəndlər artilleriya, raket və kasset bombalı silahlarla bombardman edilirdi. 2020-ci il 29 oktyabr tarixinə qədər Tərtər rayonu ərazisinə ümumilikdə 15.500 mərmi atıldığı, bəzi günlərdə 2000-dən çox mərmi atıldığı bildirilir. Bombalar zamanı məktəblər, xəstəxanalar və dövlət binaları da daxil olmaqla mindən çox mülki obyekt ya ziyan görmüş, ya da məhv edilmişdir. Bombardmanlar nəticəsində 17 mülki şəxsin öldüyü və 61 nəfərin yaralandığı bildirilir. Ümumilikdə, təxminən 1200 nəfər bombardmandan əziyyət çəkmişdir. İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu 5 oktyabrda baş vermişdir.

    Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də baş vermiş, həlak olan və yaralanan olmamışdır. 10 oktyabr 2020-ci il tarixində, saat 12:00-dan etibarən tərəflər arasında humanitar məqsədləri əks etdirən atəşkəs rejiminin elan olunmasına baxmayaraq 11 oktyabr gecə saat 02:00 radələrində təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri dördüncü dəfə hücuma məruz qalıb.

    Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib. Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. 17 oktyabr 2020-ci il tarixində, gecə saatlarında Gəncə beçinci dəfə ballistik raket atəşinə tutulub.

    Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla, 16 nəfər şəhid olmuş, 55 nəfər isə yaralanmışdır.
    Mərmi və raket partlayışları, artilleriya atəşləri, xüsusən də bu hadisələrin məxsusi olaraq gecə saatlarında baş verməsi düşmənin əsl xislətini ortaya qoyurdu. Belə ki, bu hücumlar daha çox insan tələfatına səbəb olmaqla yanaşı dinc əhalidə, ələlxüsus da uşaqlarda psixoloji gərginliklərin, bir ömür boyu davam edəcək narahatlıqların yaşanmasına istiqamətlənmişdi.

    Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda 44 gün davam edən mübarizə Zəfərlə başa çatdıqdan sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən haqq və şərəf işimiz uğrunda qəhrəmancasına həlak olan əsgər və zabitlərimiz, erməni təxribatları zamanı hədəf alınan mülki vətəndaşlarımızın xatirəsinə böyük ehtiram əlaməti olaraq 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir. 2021-ci il 27 sentyabr tarixində – Anım Günündə Bakı şəhərində təşkil olunan yürüşdə Birinci xanım Mehriban Əliyevanın 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində anası, həmçinin yaxın qohumları ilə birlikdə şəhid olan 10 aylıq körpə - Narin Xalıqovanın fotosu əks olunmuş plakatla irəliləməsi bütün dünyaya erməni vəhşiliyini, terrorunu bir daha nümayiş etdirdi.

    Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı, işğalçı Ermənistanın layiq olduğu yer göstərildi.

    44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq, Şəhidlərimiz daim qəlblərimizdə yaşayacaq! Qarabağ Azərbaycandır!


    Əsəd Əsədli, 
    Masallı Dövlət Regional Kollecin müəllimi. 
    PAYLAŞ:

    Oxşar xəbərlər