Qəşəm Nəcəfzadə oğlu Kəramət Böyükçölə şeir yazdı

Qəşəm Nəcəfzadə oğlu Kəramət Böyükçölə şeir yazdı
  • Cəmiyyət / Maraqlı

  • Leqal.az Qəşəm Nəcəfzadənin “Yuxulardan oyanmaq” adlı şeirini təqdim edir.

    “Yuxulardan oyanmaq...”

    (Kəramət Böyükçölə)

    Anana demişəm,

    Pişik çırmaqlayan dizindən danışmasın.

    Əmiziyini xatırlatmasın,

    Qolundakı xalını yadıma salmasın...

    Doğum evində demişdim ki,

    Körpəmiz dəyişik düşər.

    Demişdi, qolunda qara xalı var, qorxma...

    Bəs böyüyəndə,

    Sən kimlə dəyişik düşdün, oğlum?

    İndi deyirəm o xalı

    Yaddaşımdan pozsun.

    Bütün xatirələrini

    Birdəfəlik büküb

    Palazın alta qoysun.

    Mənə

    Bir dənə xatirəni göstərməsin.

    İşə bax,

    Göbəyin quruyub düşəndə

    İlk kitabımın arasına qoymuşammış...

    Bu axşam anan göstərdi mənə.

    Süd dişini hələ də saxlayırammış,

    Yapışıb kitabın son vərəqinə.

    Evdə atıla-atıla yeriyərim ki,

    Ayaq izlərini əzməyim.

    Şirin yuxulardan oyanıram ki,

    ləzzətlə səni gözləyim.

    Evimiz elə böyükdü ki,

    Anan məni axtarır evdə.

    Oyunçağı olmayan uşaqlara bənzəyirik,

    Yuxuya gedirik, hərəmiz bir küncdə.

    Gəlib indi görsən, ağlarsan

    Səpmişik evə sənin uşaqlıq şəkillərini,

    Şəkillərlə oynaya – oynaya

    Yuxu bizi aparıb...

    Göbəyin və süd dişin ananın əllərində

    Balaca süd şüşəsi yırğalanır sinəmdə...

    PAYLAŞ:

    Oxşar xəbərlər