Kəramətin atası: "Mən də atayam, pis oluram, sarsılıram , amma nə etmək olar..."

Kəramətin atası: "Mən də atayam, pis oluram, sarsılıram , amma nə etmək olar..."
  • Cəmiyyət

  • Xəbər verdiyimiz kimi, tanınmış yazar Kəramət Böyükçöl Bakı Şəhər Narkoloji Dispanserinə yerləşdirilib. Bu barədə mətbuata atası, şair Qəşəm Nəcəfzadə məlumat verib. O bildirib ki, Kəramət Böyükçöl spirtli içkiyə qurşandığına görə dispanserə aparılıb, lakin hələ onunla əlaqə saxlaya bilməyib. Eyni zamanda Qəşəm Nəcəfzadə oğluna baş çəkəcəyini də qeyd edib.

    LEQAL.AZ xəbər verir ki, Kəramət Böyükçölün vəziyyəti ilə bağlı atası, yazıçı Qəşəm Nəcəfzadə Musavat.com-a danışıb. O hələ ki, oğlunu görə bilmədiyini bildirdi: “Hələ ki, Kəraməti görməmişəm. Onu bu gün günorta saat 2-də Narkoloji Dispanserə yerləşdirdilər. Mən özüm onun arxasınca getmədim. Çünki o mənə çox güvənir və mənə deyəcəkdi ki, burada qalmaq istəmirəm. Mən də kövrələrək onu götürüb gələcəkdim. Amma onun müalicəyə ehtiyacı var. Ona görə də mənə də xəbər edəndə dedim ki, sən gəldiyin yolun son mənzili buradır. Bilmirdinmi bura qədər gələcəksən? Narkoloji Dispanserə yerləşdirilsə o, alkoqolizmdən müalicə olunur. Kəraməti xroniki alkoqolizmdən müalicə edirlər. Bəzi dostlar sual verir ki, narkotik istifadə edirdimi, mən cavab verirəm ki, yox dispanserin tərkibində alkoqolizmdən müalicə də var. Sonra sual verirlər ki, siyasi məsələyə görəmi oraya yerləşdiriblər. Axı, siyasi məsələyə görə dispanserə yerləşdirmirlər. Bura yalnız xəstəliyin müalicəsi üçündür. Kəramətin alkoqolizmdən müalicəsi təbii ki, olmalıydı. Sabah onun yanına gedəcəm. Görüm, vəziyyəti necədir?”

    Qəşəm Nəcəfzadə zaman-zaman mətbuata verdiyi açıqlamaların yanlış dərc edildiyini də bildirdi: “Mən körpə vaxtından Kəramətə bir ümumi dəftər tutmuşam və anadan olannan bəri onun bədəni hansı iynələr götürür, hansı dərmanlara reaksiyası necədir, nə peyvəndlər olunub- hamısını yazmışam. Ona nə zaman nə isə olursa dərhal mənə zəng elətdirir ki, görün atam nə deyir, bu iynəni mənə vurmaq olarmı? Bir dəfə hansısa media orqanına müsahibə verəndə demişdim ki, qorxuram ona hansısa iynə əks- reaksiya verər. Götürüb yazmışdılar ki, Qəşəm müəllim deyir ki, qorxuram oğlumu müəyyən statuslar yazdığına görə iynə vurub öldürərlər. Mən hansısa bir iynənin Kəramətə əks reaksiyasından danışıram. Bütün müalicələrdə dimedrol istifadə edildiyi halda Kəramətə dimedrol reaksiya verir. Bu şeyləri həmin dəftərində qeyd etmişəm və üç övladımın hər birinə də körpəlikdən o dəftəri tutmuşam. İndi nə edim, Allahın işidir. Kəramət müalicə olunmalıdır. Mən də atayam, pis oluram, sarsılıram , amma nə etmək olar... Bu adam mənim sözümə baxmır”.

    Kəramətin bu cür statuslarına hökümət dözümlü yanaşırmı sualına cavab verən Qəşəm Nəcəfzadə bildirdi ki, hakimiyyət, dövlət həmişə ona qayğı ilə yanaşır: “Kəramət düz eləmir. Bir var insan analitik təhlil edə, jurnalist mövqeyini ortaya qoya, bir də var içkinin təsiri ilə 3-4 cümləlik bir söz deyə…Kəramət dövlətimizə dövlətçiliyimizə, vətənimizə, Şuşamıza bağlı insandır, dövlətini sevən oğlandır. Bir dəfə sizin Musavat TV-də də demişdim ki, mən yaltaq böyütməmişəm, rüşvətxor böyütməmişəm , amma belə bir insan böyütmüşəm. Kəramət düzgün etmir. Keçən dəfə o həbs olunanda cənab nazir Vilayət Eyvazov mənə zəng etdi. İlk cümləsi də belə oldu ki, onu tanıyıram, oxuyuram. Sizi də tanıyıram, oxuyuram. Və cənab prezidentin iradəsi ilə o, azad olundu. Bu böyük etimaddır, harada olursan ol, adam dövlətinə söykənəndə daha gözəl olur. Kim sənə arxa durursa dursun, amma dövlətin sənə dəstək olması başqadır. Söhbət dövlətdən gedir. Kəramətə həmişə qayğı ilə, sayğı ilə yanaşıblar. Amma burada məsələ içkidən gedir. O xroniki xəstədir. Gecənin bir aləmində içir və beyni qarışır, belə şeylər yazır və görürəm ki, səhər onu silir. Oğlum düz eləmir. Mənim sözümə də baxmır”.

    Qəşəm Nəcəfzadə Qarabağın işğaldan azad olunması ilə bağlı dövlət başçısının apardığı siyasətdən də danışaraq, onun təqdirə layiq olduğunu bildirdi: “ Bizim Qarabağ problemimizi nə ötən əsrdə, nə də bu əsrdə həll edən bir dövlət lideri olmamışdı.

    Prezident bu gün həm Avropa ilə vuruşur, həm İranla vuruşur. Görün bu insan nə qədər sıxılır, nə qədər təzyiqlərə məruz qalır. Həmin təzyiqlər altında Şuşanı xilas etmişik. Qarabağı azad etməyin yolunu tapmışıq və ən optimal variant da budur. Bəziləri deyirlər ki, gərək Xankəndini də vurub keçərdi, oradan da Göyçəyə adlayardı. Amma bütün bunlar nağıldır. Yavaş- yavaş etmək lazımdır. Bu böyük bir siyasətin nəticəsidir, o da dəmir yumruq siyasətidir. Digər yumruğumuz da mətbuat olmalıdır, qələm-kitab olmalıdır. Bu mənada nöqsanlar varsa, onları demək olar. Amma gözünü yumub hər şeyi inkar etmək ən azından insanlığa uyğun deyil”.
    PAYLAŞ:

    Oxşar xəbərlər