Vətən müharibəsinin 13-cü günü

Vətən müharibəsinin 13-cü günü
  • Cəmiyyət

  • Şuşaya daxil olmaq üçün Hadrut da işğaldan azad edilməlidir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən düzgün qurulmuş hərbi strateji plana uyğun olaraq, Azərbaycan Ordusu Hadrutu azad etdikdən sonra Şuşaya doğru istiqamət götürməlidir. Hadrut əməliyyatının uğurlu keçməsi proseslərin sonrakı gedişatını da həll edəcəkdi.Bir necə gün aparılan qanlı döyüşlərin sonu olaraq, oktyabrın 9-da Hadrut Azərbaycan Ordusunun nəzarəti altına keçir.

    Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etməyin önəmli olduğunu açıqlayan Prezident İlham Əliyev bu qəsəbənin işğaldan azad edilməsini böyük əhəmiyyətə malik olan bir əməliyyat adlandırdı. Müharibədən sonra bu barədə danışan dövlət başçısı bildirib ki, Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi.

    Milli Məclis yanında Toponomiya Komissiyasının üzvü, coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasova deyir ki, Hadrut erməniləşdirilmiş və ya erməni mənşəli toponim deyil. Azərbaycan dilində fars dilindən alınma sözlər əsasında formalaşmış toponimlərin olduğunu açıqlayan alim Hadrutun da belə yer adlarından biri olduğunu söyləyir. Onun sözlərinə görə, Hadrut sözü ha (ara), dü (iki) və rud (çay) sözlərindən əmələ gəlib ki, fars dilində bu, “iki çayın arası” mənasını verir: “Fars mənşəli bir çox sözlər artıq Azəraycan dilində özünə tam olaraq yer tapıb. Hadrut sözündə olan “rud” sözü talış bölgəsində hələ də çay mənasında işlənilir”

    Hadrut əməliyyatına xüsusi önəm verilib. Hadrutun işğaldan azad edilməsi çox güclü, dəqiq hazırlanmış hərbi əməliyyat nəticəsində mümkün olub: “Dağlıq ərazi olan Hadrut Qarabağın cənub hissəsində yerləşməklə kifayət qədər böyük sahəni əhatə edir. Onun bir tərəfi Xocavənd, Füzuli, Cəbrayıl, bir tərəfi isə Xocalı rayonudur. Hadrutun həm də Şuşa ilə sərhədləri var. Ermənilərin Hadrutda möhkəmləndirilmiş səngər istehkam qurğuları var idi. Onlar 30 il ərzində burada müdafiə sistemlərini çox möhkəmləndirmişdilər. Azərbaycan Ordusu Ali Baş Komandanının rəhbərliyi altında Hadrutda çox güclü hərbi əməliyyatlar keçirməklə bu tarixi torpağımızı erməni işğalından azad etdi”.

    Vətən müharibəsində dönüş yaradan Hadrut əməliyyatı düşmənin mövqelərini ciddi şəkildə sarsıtmaqla yanaşı, Azərbaycanın irəliyə doğru daha sürətlə getməsinə imkan yaratdı. Hadrut əməliyyatının dünyanın hərb elmində xüsusi yer tutacağını deyən Ali Baş Komandan İlham Əliyev Hadrutun azad edilməsini belə təsvir edir: “Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olub. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi''.

    Ermənilər Hadrut əməliyyatının II Qarabağ müharibəsinin ən əsas əməliyyatlarından biri olduğunu başa düşdükləri üçün bu ərazinin azad edilməsini öz cəmiyyətlərindən hər vəchlə gizlətməyə çalışırdılar. Hadrut Azərbaycan Ordusunun nəzarəti altına keçdikdən sonra belə, ermənilər bu qəsəbənin hələ də onların nəzarəti altında olması ilə bağlı feyk məlumatlar paylaşırdılar. Ən qəribəsi isə həmin saxta məlumatların Ermənistan rəsmiləri tərəfindən təsdiqlənməsi idi.

    Dövlətimizin başçısı Hadrutun işğaldan azad edildiyini açıqladığı zaman əslində həm də Ermənistanın aldadılan cəmiyyətini, özlərinin rəsmi şəxslərindən daha çox Azərbaycanın Ali Baş Komandanının açıqladığı məlumatlardan həqiqətləri öyrənən insanları baş verənlərdən xəbərdar edirdi: “Düşmən öz xalqına nağıllar danışır, yalan danışır. Faktları saxtalaşdırır, öz xalqını aldatmaq istəyir, beynəlxalq aləmi aldatmaq

    istəyir ki, guya onlar hücuma keçirlər, onlar bizim bəzi mövqelərimizi geri alıblar. Hamısı yalandır. Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir”.


    Əsəd Əsədli,
    Masallı Dövlət Regional Kollecinin müəlimi
    PAYLAŞ:

    Oxşar xəbərlər