Bu il sentyabrın 7-də azadlığa çıxan azərbaycanlı kriminal avtoritet Ülfət Tağıyev (“Rufo Gəncinski”) hələ də Moskvadadır.
Leqal.az lent.az-a istinadən xəbər verir ki, Ülfət Tağıyev hazırda Moskva şəhərində, Xarici Vətəndaşların Saxlanma Mərkəzindədir. Onun nə vaxtacan həmin Mərkəzdə saxlanılacağı bilinmir.
Bir qədər əvvəl Rusiya KİV-i “Rufo Gəncinski”nin ya Türkiyəyə, ya da BƏƏ-yə göndəriləcəyi barədə xəbər yaymışdı. Amma indi məlum olur ki, kriminal avtoriteti heç bir dövlət öz ərazisində görmək istəmir. Yeri gəlmişkən, ölkəni tərk edəcəyi təqdirdə onun Rusiyaya girişi də mümkün deyil. Çünki “Rufo”nun Rusiyaya girişinə ömürlük yasaq qoyulub.
Xatırladaq ki, “Rufo Gəncinski” qəsdən adamöldürmə maddəsi ilə ittiham olunaraq, 8 il azadlıqdan məhrum edilmişdi. O, Sibirdə Voloqda vilayətinin Şeksna qəsbəsindəki 12 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılırdı.
Sonda “Rufo Gəncinski”nin dosyesini təqdim edirik:
Ülfət Tağıyev 1981-ci ildə aprelin 12-də Gəncə şəhərində anadan olub. Gənc yaşlarından kriminal aləmə meyl edib. Yetkinlik yaşına çatmamış artıq məhkumluq həyatı yaşayıb. Daha sonra azadlığa çıxsa da yenidən cinayət törədərək həbsə düşüb. Qobustanda cəza çəkən Ülfət Tağıyevin burada həyatı dəyişib. Belə ki, Rövşən Lənkəranski ilə tanışlığı yaranıb. Həmçinin “Kriti”də Rafiq Eyvazovla (Rafiq Masallinski) birlikdə “obşaka” baxıb.
Həbsdən çıxandan sonra Rövşən Lənkəranskinin yanına gedib. Hacı Beyləqanski ilə birlikdə Rövşənin “sağ əli”nə çevrilib. Bir çox qətl hadisələrində Ülfət Tağıyevin adı keçir. Məhz əfsanəvi Aslan Usayanın (Ded Xasan) qətlində də Ülfət Tağıyevin imzası olduğu qeyd edilir. Bildirilir ki, Rövşənin sifarişi ilə Ülfət Tağıyev “Ded Xasan”ı öldürüb.
Rövşən Lənkəranski Ülfət və Hacıbabanın xidmətlərinə görə, 26 qanuni oğru ilə birlikdə 2012-ci ildə Dubayda keçirilən “sxodka”da onlar taclandırılıb. 2012-ci ildən istər Rövşən Lənkəranski, istərsə də yaxın adamları Rusiya buraxılmırdı. Onların barələrində cinayət işləri mövcud idi. Lakin 2013-cü ildə “Rufo Gəncinski” gizli yollarla Rusiya ərazisinə daxil olur. Rusiya Xüsusi Xidmət orqanları tərəfindən Ülfət Tağıyev saxlanılıb. Onun saxlanması ilə bağlı videogörüntülər də yayılıb. Görüntülərdə məlum olur ki, Ülfət Tağıyev çox qəddarcasına saxlanılıb.